XƏBƏRLƏR Arxiv 1300 Çap et
10.09.2021 / Mühüm hadisələr Akademik İradə Hüseynova professor Əziz Səncərə 75 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb

8 sentyabr 2021-ci ildə biokimya və molekulyar biologiya sahəsində görkəmli türk alimi Əziz Səncərin 75 yaşı tamam olub.

Bütün türk dünyasının fəxri olan Əziz Səncər 2015-ci ildə Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüb.

2017-ci ildə Azərbaycanda səfərdə olarkən: "Türk dünyasının birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Səncər Azərbaycanın 44 günlük Vətən müharibəsini yaxından izləyib, dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verib. O, ermənilərin Gəncəyə  raket atması nəticəsində hər iki valideyinini itirən körpə Xədicənin gələcək təhsili üçün bank hesabına böyük miqdarda pul köçürüb.

10 sentyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bütün Türk dünyasının fəxri olan professor Əziz Səncərə şərəfli 75 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. O, öz məktubunda elmin ən müasir istiqamətləri üzrə Azərbaycanla əməkdaşlığa, milli kadr hazırlığına, o cümlədən hazırda ABŞ-da doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçı Xaqani Eynullazadəyə göstərdiyi diqqətə və etdiyi köməkliklərə görə, ən taleyüklü məsələlərdə, o cümlədən 44 günlük Vətən müharibəsində xalqımızın haqq işinə verdiyi dəstəyə görə dünya şöhrətli alimə səmimi təşəkkürlərini çatdırıb.

Akademik İradə Hüseynova qeyd edib ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi professor Əziz Səncərlə əməkdaşlığa hər zaman böyük önəm verib. O, molekulyar biologiya, biokimya və s. kimi müasir elm sahələrində milli alim kadrların hazırlığında bundan sonra da Əziz Səncərin dəstəyinə ümidvar olduğunu bildirib.

Məktubunun sonunda akademik İradə Hüseynova ən yaxın zamanlarda işğaldan azad edilmiş və sürətlə bərpa edilən Qarabağ torpaqlarında, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində elmi tədbirlər, konfranslar təşkil edilməsinin planlaşdırıldığını və görkəmli türk alimini həmin tədbirlərə dəvət etmək niyyətini ifadə edib.

Səmimi cavab məktubunda professor Əziz Səncər təbriklərdən və şəxsinə göstərilən diqqətdən məmnun olduğunu, fəxarət hissi keçirdiyini qeyd edib, Azərbaycanın onun üçün çox böyük önəm daşıdığını, Anadolunu Azərbaycandan, özünü isə azərbaycanlılardan ayırmadığını bildirib. O, Azərbaycan elminin gələcəyinə böyük inam bəslədiyini ifadə edib, birgə elmi tədqiqatların aparılmasında və kadr hazırlığında hərtərəfli əməkdaşlığa hazır olduğuna diqqət çəkib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.