XƏBƏRLƏR Arxiv 1324 Çap et
15.09.2021 / Görüşlər Akademik İradə Hüseynova Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri ilə görüşüb

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru, akademik İradə Hüseynova Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı ilə görüşüb.

Görüşdə Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, MBBİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, MBBİ-nin və Zoologiya İnstitutunun alimləri iştirak ediblər.

Akademik İradə Hüseynova qonaqlara bitki xəstəlikləri üzrə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparılan elmi-tədqiqat işləri, müvafiq laboratoriyalarda yaradılmış şərait və müasir tələblərə cavab verən maddi-texniki baza, eləcə də beynəlxalq mərkəzlərlə əməkdaşlıq əlaqələri barəsində geniş məlumat verib. O, institutda mövcud olan təcrübəli kadr potensialı haqqında danışaraq qonaqları aparıcı mütəxəssislərlə tanış edib.

AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva bitki sağlamlığı sahəsində birgə elmi araşdırmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin bu sahədə təcrübə mübadiləsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini, elmi-nəzəri tədqiqatlarda və agentliyin laboratoriyaları üçün kadr hazırlığında Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyinə ümid bəslədiklərini bildirib. Zəkiyyə Mustafayeva akademik İradə Hüseynovanı mütəxəssislərlə birgə AQTA-ya dəvət edib.

Sonra Xalid Bayramlı həyata keçiriləcək birgə fəaliyyətlərlə əlaqədar təkliflər haqqında məlumat verib.

Görüşdə bitki karantin xəstəliklərinin effektiv identifikasiyası, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problemlər, mütəxəssislər arasında daimi dialoqun təmin olunması və ortaq maraq doğuran digər məsələlər də müzakirə edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.