XƏBƏRLƏR Arxiv 1275 Çap et
16.09.2021 / Mühüm hadisələr Akademik İradə Hüseynova: “Qarabağın davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan elminin bütün resurslarını səfərbər etmək zəruridir”

“İşğaldan əvvəl aparılmış tədqiqatlara əsaslanaraq, Qarabağda 2500-ə qədər ali bitki növünün bitdiyini demək olar. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının I nəşrinə daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin bir çoxunun Qarabağda olduğu təsvir edilmiş, kitabın II nəşrində 8 Qarabağ endemi haqqında məlumat verilmişdir. İşğaldan azad edilmiş ərazilərin meşə fondu 228 min hektardan çox olmuşdur. Son məlumatlara əsasən deyə bilərik ki, 54 min hektar meşə fondu tam talan edilmişdir”.

Bu barədə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açıqlama verib.

Alimin sözlərinə görə, Qarabağ regionu hər zaman fauna müxtəlifliyi ilə də seçilmiş, çoxsaylı növlər Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II nəşrinə daxil edilmişdir. İşğal olunmuş ərazilərdə həşəratlar faunasının 56 növü nəsli kəsilmək təhlükəsindədir. 9 nadir kəpənək növündən 2-si Qafqaz, 1-i Cənubi Qafqaz, 1-i isə alp endemikidir.

Azərbaycanın Kiçik Qafqaz ərazisində qeydə alınan 53 balıq növündən 7-si Azərbaycanın “Qırmızı Kitab”ına, 4 növ isə Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının Qırmızı siyahısına daxil edilmişdir. Həkəri çayında 12, Bəsitçay və Oxçuçayda isə 13 növ balığın yayıldığı müəyyən edilmişdir.

1993-cü ilə qədər Qarabağ ərazisində 16 dəstəyə, 57 fəsiləyə daxil olan 200-ə yaxın növ quş qeydə alınmışdır. Bunlardan 32 növ “Qırmızı Kitab”ın II nəşrinə daxil edilmişdir. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 75 məməli növü qeydə alınmışdır. 24 növ Azərbaycanın “Qırmızı Kitab”ına (2013) daxil edilmişdir.

Akademik İ.Hüseynova Ağdərə bölgəsində AMEA Genetik Ehtiyatlar İnstitutunun 1694 hektar torpaq sahəsi olan, mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması ilə məşğul olan Qarabağ Elmi Tədqiqat Bazasının mövcud olduğunu da qeyd edib. O, bu bazanın işğalçılar tərəfindən zəbt və talan edilərək mənimsənildiyini, hazırda bazanın 1000 hektar sahəsinin tam azad edildiyini, 700 hektara yaxın ərazinin isə sülhməramlıların təsir dairəsində olduğunu vurğulayıb.

Əlavə edib ki, Qarabağın davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan elminin bütün resurslarını səfərbər etmək, ən qısa zamanda regionda müxtəlif istiqamətlərdə multidissiplinar elmi tədqiqat fəaliyyətlərinin bərpasına və intensivləşdirilməsinə nail olmaq zəruridir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.