XƏBƏRLƏR Arxiv 1433 Çap et
27.09.2021 / Mühüm hadisələr Daha Vətən bağı al-əlvandır… (27 sentyabr Anım Gününə həsr olunur)

Bəli, xalq olaraq böyük ağrımız, həsrətimiz, nisgilimiz sona yetdi və içimizdə yanğı ilə zümzümə etdiyimiz bu intizar nəğmələri artıq bizi vüsalımıza,  böyük arzumuza – azad və bütöv vətənimizə yetirdi.

Xalq, millət, dövlət olaraq bütün dünyaya qüdrət və əzəmətimizi yenidən göstərmiş olduq. Təbii ki, qüdrətli və mükəmməl Ali Baş komandanın və müzəffər, yenilməz Ordumuzun sayəsində…

27 sentyabr 2020-ci il Azərbaycan  xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Ermənistanın Azərbaycana qarşı məhz bu payız günündə başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Hər bir azərbaycanlının 30 illik torpaq həsrətinə son qoyan Vətən müharibəsi başlandı və 44 gün çəkən döyüşlərdə qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz  erməni qəsbkarlarını və onların havadarlarını diz çökdürdü.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 Sentyabr gününü Respublikada Anım Günü kimi qeyd edilməsinə sərəncam vermişdir.

27 Sentyabr şəhidlərin xatirə günüdür, qəmli bir gündür, lakin eyni zamanda 27 sentyabr Böyük Qələbəmizə aparan yolun başlanğıcıdır, qürurverici bir gündür.

 Elə həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibə dövründə ənənə halına çevriləcək möhtəşəm müraciətlərindən birincisini xalqa ünvanlamışdır. O, inamlı və qətiyyətli çıxışı ilə Ermənistan Ordusunun təcavüzkar həmlələrinə cavab olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlandığını və bu əməliyyatın Qarabağın azadlığı ilə nəticələnəcəyinə inandığını bildirdi. Həmin gün ilk həmlədə rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı daha da gücləndirdi, xalqın dəmir yumruq ətrafında birləşməsinə yol açdı.

Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində biz Azərbaycan rəhbərinin məğrur, müzəffər və qətiyyətli Ali Baş Komandan olduğunu bir daha gördük və buna ürəkdən, bütün varlığımızla inandıq. O, "Bizim müqəddəs şəhərimizi murdarlayırlar" - deyə Şuşa haqqında sonsuz səmimiyyət və hərarətlə danışır, Cəbrayılın işğaldan azad olunmasını böyük fəxrlə bəyan edirdi.

Ali Baş Komandanın "Bizim işimiz haqq işidir, biz qalib gələcəyik" sözləri isə həmin o ilahi ədalətin təcəlli etdiyini, o müqəddəs anın artıq gəlib çatdığını göstərirdi. Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elə o ərəfədə sosial şəbəkələrdə paylaşdığı "Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin" sözləri isə Azərbaycan xalqında torpaqlarımızın işğaldan tamamilə azad olunacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına sonsuz əminlik yaratdı. Əsgər və zabitlərimizin, ümumən ordumuzun, insanlarımızın böyük ruh yüksəkliyi də bundan xəbər verirdi. Azərbaycan Prezidenti hər çıxışı ilə həm xalqı  qələbəyə ruhlandırır, həm də uzun illərdən bəri informasiya savaşında üzləşdiyimiz bütün sədləri öz dəmir məntiqi ilə vurub dağıdır, savaş meydanında hər gün irəliləyən şanlı ordunun Ali Baş Komandanı, siyasət meydanında güclü təzyiqlərə sinə gərən, qüdrətli dövlət xadimi kimi davamlı olaraq zəfər tariximizin parlaq səhifələrini yazırdı.

Şəhər və kəndlərimiz bir-birinin ardınca azad olunduqca xalqa müraciətləri ilə insanları dərindən təsirləndirən, əksəriyyəti kövrəldən Prezident İlham Əliyevin xalq dilində danışığı, ürəkdən tikan çıxaran sözləri hər birimizin könlünü oxşayırdı. "Azərbaycan xalqının ləyaqəti bərpa olunur" deməklə xalqın qürurunu özünə qaytarır, "Şuşasız bizim işimiz yarımçıq qalar" sözləri ilə hər birimizin içindəki mübhəm, nisgilli arzunun həyata keçəcəyinə inamı daha da artırırdı.

Dünya hərb tarixində “yeni söz” olan 44 günlük haqq savaşı bizim xalq olaraq bir-birimizə, xüsusən də sərkərdəmizə inam və sevgimizin nümayişinə çevrildi. Beləcə sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.

Ölkənin bütün ərazisində hərbi vəziyyət və qismən səfərbərlik elan olunduğu, xalqımızın böyük həmrəylik nümayiş etdirdiyi həmin şərəfli dönəmdə Azərbaycan Prezidentinin müjdəli xəbərləri, o cümlədən “Twitter” hesabı ilə xalqa çatdırdığı “Cəbrayıl bizimdir!”, “Füzuli bizimdir!”, “Zəngilan bizimdir!”, “Qubadlı bizimdir!”, “Ağdam bizimdir!”, “Kəlbəcər bizimdir!”, “Laçın bizimdir!” və noyabrın 8-də dahilər ocağı, Qarabağın zümrüd tacı “Şuşa bizimdir!” coşqulu nidaları bizə hədsiz qələbə sevinci yaşatdı.

“Şuşasız bizim işimiz yarımçıq olar”, - deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərə onun vəsiyyətini yerinə yetirdiyini sanki hesabat verən Ölkə Prezidenti Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.

Şuşanın işğaldan azad edilməsi, bu əzəmətli məkana üçrəngli bayrağımızın sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu. Dövlət başçısı düşməni təslim olmağa məcbur edərək, Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli birgə Bəyanatla digər torpaqlarımızın - Kəlbəcər, Laçın və Ağdam rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.

Ali Baş Komandanın sadiq silahdaşı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik bir ana, bacı kimi doğma və qayğılı münasibətilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu. Azərbaycan xalqı tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadı. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə qaçqınlıq-köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni, tarixi və dini abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu!

Azərbaycan Prezidentinin və Birinci Xanımın işğaldan azad olunduqdan sonra Füzuli və Cəbrayıla, Xudafərinə səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması xalqımızın o torpaqlara qayıdışının təntənəsi oldu. İşğaldan azad olunmuş ərazilərdə bayrağımızı ucaldan  dövlət başçısı erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərə, o cümlədən Kəlbəcər və Ağdam rayonlarının boşaldılması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırılmasına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi haqda mühüm mesajlar verdi.

Bütün bu zəfərdə qardaş Türkiyə Cümhuriyyəti birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi. Zəfərdən sonra isə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın 15 İyun - Qurtuluş Günündə Şuşa Bəyannaməsini imzalamaları iki qüdrətli ölkənin münasibətlərini iqtisadi, siyasi və hərbi baxımdan ən yüksək səviyyəyə çatdırdı. Növbəti on ildə Qarabağın dirçəldilərək cənnətə çevrilməsi və onun potensialının ölkə iqtisadiyyatına yönəldilməsi prioritet məsələ kimi qarşıda durur.

Güclü iqtisadiyyatı, zəfər müharibəsindən doğan böyük ruh yüksəkliyi, milli həmrəyliyi olan müstəqil dövlətimiz yeni hədəflərə uğurla çatacaq! Çünki onun İlham Əliyev kimi qətiyyətli rəhbəri, düşmən niyyətlərini məhv edən Müzəffər Ali Baş Komandanı və milli maraqları hər şeydən uca tutan Prezidenti var.

Ölkə  Prezidenti  Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha tarixi Zəfərimizi şərtləndirən amillərə, beynəlxalq münasibətlərdə gücün və  hüququn  roluna diqqəti yönəldərək artıq Dağlıq Qarabağ münaqişəsi anlayışının olmadığını bildirdi. Bununla yanaşı belə bir çağırış da ifadə edildi ki, biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi unuda bilmərik. Bu fikirlər  Azərbaycan cəmiyyətinə, dünya azərbaycanlılarına, xüsusilə, gənc nəslə ünvanlanmış çox önəmli nəsihət, mesaj kimi dəyərləndirilərək daim diqqətdə saxlanılmalıdır. Günümüzün əsas tələbi məhz gənclərimizin milli ruhda tərbiyə olunması, şəhidlərimizin həyat yolunun onlar üçün vətənpərvərlik məktəbi olmasıdır. Məhz gənclərimizin torpaq, Vətən sevgisi onların silahlanaraq  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum” əmrini 44 gündə qəhrəmancasına, rəşadətlə yerinə yetirmələrini şərtləndirdi.  Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan Vətən oğullarının qisası döyüş meydanında alındı, Azərbaycanın dünyaya səs salan “dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan  diz çökdü, dünya kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin sonda hansı nəticələrə gətirib çıxardığını gördü. İkinci Qarabağ müharibəsinin ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olduğu bütün dünyaya bəyan edildi.

Müharibənin başlanmasından ötən bu müddətin təhlili böyük quruculuq işlərinin  əldə edilən nəhəng uğurların, illərlə aparılmış hazırlıqların bəhrəsidir və indi böyük quruculuq işlərinə start verilib.

Təbii ki, bütün bunlar da düşünülmüş, böyük əzmlə hazırlanmış siyasi xəttin davamı idi. Təsadüfi deyil ki,  hazırlıq prosesi  getməsəydi, müharibədən dərhal sonra Böyük Qayıdış proqramının icrasına başlanılmazdı. Kompleks tədbirlərin həyata keçirilməsi sayəsində  hədəflər gerçəkləşdirilir,  müasir texnologiyaların həyatımıza geniş yol açdığı hazırkı zamanda “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrasına başlanılıb.  Bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Bu illər ərzində elə güclü, qüdrətli,  modernləşməni, yeniləşməni əsas prinsip kimi qəbul edən  Azərbaycan yaratmışıq ki, yenilməzliyi, məğrurluğu 44 günlük Vətən müharibəsinin əsas simvolu oldu.

Ümumiyyətlə, bu hazırlıq işlərinin aparılmasında əsas amil şübhəsiz ki, xalq-iqtidar birliyi olmuşdur. Əminliklə demək olar ki, dövlətimizin siyasəti  xalq tərəfindən dəstəklənir. Belə ki, müharibə və onun nəticələri bir daha təsdiqlədi ki, münaqişənin tezliklə  həllinə  inamı yaradan  dövlətimizin düşünülmüş siyasəti nəticəsində əldə etdiyimiz uğurlarla yanaşı,  Azərbaycan xalqının Prezidentinin ətrafında  sıx birliyi də əsas oldu.  Dövlətimizin başçısı İlham Əliyevin sözlə əməl birliyi bütün sahələrdə özünü nümayiş etdirir. Bu isə öz növbəsində xalqın Prezidentinə, onun siyasətinin gələcəyinə əminliyi  gücləndirir.

Xalq müzəffər rəhbərinin ətrafında bir yumruq kimi birləşir. Əsl “Dəmir yumruq” kimi. Bu mənada işğaldan azad edilmiş Hadrut qəsəbəsində ucaldılan “Dəmir yumruq” abidəsi xalqımızın, dövlətimizin, rəhbərimizin iradə və əzminin nümayişidir. Düşmənə əsl göz dağı, dərsdir. Təbliğat xarakterli, düşmənə mesajlar ünvanlayan belə mühüm addımlar  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin müharibədən sonrakı dövrdə revanşist bəyanatlar səsləndirən düşmənə “Dəmir yumruğ”u xatırlatmasının davamıdır.

Bu mənada düşmən hər zaman o dəmir yumruğu başının üzərində hiss etməli və bir də torpaqlarımıza göz dikməyi xəyalına belə gətirməməlidir.

İşğal altında olan torpaqlarımız yüzlərlə qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Onlarla mülki vətəndaşlarımız xəyanətkar düşmənin döyüş cəbhələrindən uzaqlarda yerləşən ərazilərə raket zərbələrindən dünyasını dəyişmişdir. 27 Sentyabr  “Anım Günü” bizə, hər bir Azərbaycan övladına, Vətən müharibəsində itirdiyimiz insanları xatırladacaq, onların xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

 

 

AMEA-nın   akademik    Abdulla   Qarayev   adına

Fiziologiya İnstitutunun Həmkarlar komitəsinin sədri,

Elmi innovasiya şöbəsinin müdiri

Biologiya üzrə fəlsəfə doktoru, dosent Gilas Qurbanova