XƏBƏRLƏR Arxiv 1343 Çap et
24.09.2021 / Konfranslar, iclaslar İnstitutda Anım Gününə həsr olunan tədbir keçirildi

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Anım Gününə həsr olunan tədbir tədbir keçirilib. 

Tədbiri Fiziologiya İnstitutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-nin ölkədə Anım Günü kimi təsis edildiyini xatırladıb. Müzəffər ordumuza, şəhid ailələrinə diqqət və qayğının vacibliyini vurğulayan professor 44 günlük müharibədə ordumuzun qəhrəmanlığından söz açıb: “Qarabağda tarixi qələbəmiz, şəhər və kəndlərimizin işğaldan azad edilməsi, Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini zənginləşdirir. Bizi yeni qələbələrə ruhlandırır. Əlbəttə, xalqımız sülhsevər, tolerant xalq kimi yeni qələbələrimizi döyüş meydanında, müharibələrdə yox, dinc quruculuqda, dövlətimizin daha da inkişafında, maddi rifahımızın yaxşılaşması istiqamətində görmək istəyir”.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, institutun baş elmi işçisi Rafiq Qasımov 30 illik işğala son qoyulduğunu, torpaqlarımızın erməni vandallarından azad edildiyini vurğulayıb. Professor düşmən üzərində əldə olunan şanlı Qələbənin müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd edib.

 “Kliniki neyrofiziologiya” laboratoriyasının müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev tədbiri davam etdirərək, bu günü 30 ildir gözlədiyimizi vurğulayıb. Çıxışında: “Ürəyimizə sığa bilmirdi ki, qəhrəman tariximiz, qəhrəmanlarımız var, enerji mənbələrimiz var, iqtisadiyyatımız inkişaf edir, Türkiyə kimi qardaşımız, Rusiya kimi dostumuz var, amma torpaqlarımız işğal altındadır. Ali baş Komandan xalqımıza söz verdiyi kimi vaxtı gələndə öz əmrini verdi və qəhrəman ordumuz 44 günə Qələbə sevincini bizə yaşatdı, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi”-deyib.

Çıxış edən Həmkarlar ittifaqının sədri, biologiya üzrə fəlsəfə doktoru Gilas Qurbanova 27 Sentyabr şəhidlərin xatirə günü qəmli bir gün olsa da bu tarixin eyni zamanda Böyük Qələbəmizə aparan yolun başlanğıcı olduğunu söyləyib. Bildirib ki, bu gün qürurverici bir gündür: “Dünya hərb tarixində “yeni söz” olan 44 günlük haqq savaşı bizim xalq olaraq bir-birimizə, xüsusən də sərkərdəmizə inam və sevgimizin nümayişinə çevrildi. Beləcə sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı”- sözləri ilə çıxışını bitirib.

Daha sonra “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Qarabağın işğal tarixinə nəzər salıb, bu gün yaşadığı sevincin xəyal kimi olduğunu vurğulayıb. Özünün azad olunmuş vətənin övladı olması ilə fəxr etdiyini deyən X.Babayev: “Min illər keçəcək, min illər yaşayacaq Ali Baş Komandan İlham Əliyevin adı tarixə həkk olundu. O elə bir iş gördü ki, başqa heç kim onu edə bilməzdi” - deyib.

Laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi və bu gün yaşadığımız qürur və fəxarət hissi üçün məhz Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə borclu olduğumuzu söyləyib.

Tədbirdə institutun gənc əməkdaşlarından Nərmin Bağırova və Ülviyyə İsrafilovanın da çıxışları maraqla dinlənilib. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.