XƏBƏRLƏR Arxiv 1334 Çap et
06.10.2021 / Konfranslar, iclaslar Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik əvvəlcə bildirib ki, Azərbaycanın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 27 sentyabr – Anım Günü ilə bağlı BTEB-in və institutlarının təşkilatçılığı ilə geniş tədbirlər – toplantılar, Vətən müharibəsi memorialına və Zəfər Muzeyinə ziyarətlər həyata keçirilib, KİV-lərdə məqalələr nəşr olunub, “YAŞAT” Fonduna ianələr köçürülüb. Akademik İradə Hüseynova yaxın zamanlarda Qarabağ bölgəsində bölmənin iclaslarının keçirilməsi planlarından da danışıb.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

BTEB-in elmi təşkilatlarında 2021-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də müvafiq dissertasiya mövzuları müzakirə edilib və təsdiq edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Daha sonra 2022/2023-cü tədris ili üçün AMEA-nın magistraturasına qəbul planına dair BTEB elmi təşkilatlarının təklifləri müzakirəyə çıxarılıb və sifariş cədvəli təsdiq edilib.

İclasda AMEA-nın Dendrologiya İnstitutunun Elmi şurasının qərarı və baş direktorun vəsatəti əsasında institutun doktoranturasında elmlər doktoru hazırlığına icazə alınması ilə bağlı məsələyə baxılıb. Akademik İradə Hüseynova bölmənin müvafiq qərarından sonra icazənin alınması üçün AMEA rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının lazım olduğunu bildirib.

Sonra AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və AMEA-nın Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinə hazırlıq vəziyyəti barədə qısa məlumatlarla çıxış ediblər. Akademik İradə Hüseynova “Qırmızı kitab”la bağlı fəaliyyətlərin gücləndirilməsinin vacibliyinə diqqət çəkib və müvafiq tapşırıqlar verib.

Akademik İradə Hüseynova 8-10 noyabr 2021-ci il tarixlərində Zəfər günü və şəhidlərin xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin keçiriləcəyi barədə məlumat verib və bildirib ki, konqresin Azərbaycan tərəfindən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Konqresin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir. Təşkilat Komitəsinə Azərbaycan və Türkiyə respublikalarını təmsil edən bir sıra tanınmış alim və mütəxəssislər daxildir. Natiq konqresin işində fəal iştirak etməyin vacib olduğunu vurğulayıb.

Sonra akademik İradə Hüseynova məlumat verib ki, bu ilin sonunda Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, akademik Musa Musayevin anadan olmasının 100 illiyi tamam olur. Müzakirələrdən sonra akademik Musa Musayevin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı AMEA rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınıb.

İclasda Genetik Ehtiyatlar İnstitutunun Dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Fatma Şeyxzamanovanın 80, Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Tofiq Sadıqovun 75 illik yubileyləri ilə əlaqədar BTEB-in Fəxri fərmanı ilə təltif edilmələri qərara alınıb.

Sonra kadr məsələsinə baxılıb və Coşqun Məmmədov Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi Tədqiqat Bazasının müdiri vəzifəsinə təsdiq edilib.

İclasın sonunda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.