Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və D.O.Ott adına Mamalıq, Ginekologiya və Reproduktologiya Elmi-Tədqiqat İnstitutu (Sankt-Peterburq) əməkdaşlarıın birgə elmi-tədqiqat layihəsi 2021-ci ildə uğurla başa çatmışdır. “Bukkal epitelidə siqnal molekulların ekspressiyası: homeostazın stabilliyinin qiymətləndirilməsi və sosial-əhəmiyyətli insan xəstəliklərinin diaqnostikası və proqnozunun optimallaşdırılması üçün markerlər panelinin işlənilməsinə yeni yanaşmalar” adlanan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Birgə layihənin Azərbaycan tərəfdən rəhbəri Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin dediyinə görə aparılan tədqiqatların nəticələri bir sıra sosial əhəmiyyətli, o cümlədən qocalma ilə bağlı xəstəliklərin molekulyar markerlər əsasında qeyri-invaziv diaqnostikası üçün bukkal epiteli nümunələrinin istifadəsinə yol açır. Rusiya Federasiyasının nüfuzlu jurnallarında (Molekulyar Tibb Jurnalı, Kliniki Patofiziologiya) Rusiyalı həmkarlarla birgə layihəni işıqlandıran məqalələr çap olunub. Beynəlxalq səviyyəli yüksək impakt-faktorlu Beynəlxalq Molekulyar Elmlər Jurnalında (International Journal of Molecular Sciences, IF 4.556) qocalma proseslərinin yaş xəstəlikləri fonunda qiymətləndirilməsi üçün melatonin və sirtuin molekullarının biomarkerlər kimi istifadəsinə həsr olunmuş məqalə artıq işıq üzü görmüşdür.
Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri direktoru, professor Ulduz Həşimovanın Azərbaycan-Rusiya birgə layihəsinin uğurla başa çatmasında layihənin təşəbbüskarı kimi və elmi-təşkilati dəstəyi ilə xüsusi rolu olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.