XƏBƏRLƏR Arxiv 1296 Çap et
15.10.2021 / Yeni nəşrlər Böyük qayıdış epopeyası

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir.

Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir.

Bu mənada Azərbaycanın Qarabağ savaşı - Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Bütün bunlara görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir.

Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini həmişəlik həll etmişdir. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün tamlığına nail olmuşdur.

İtirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan addımlardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi Qarabağ iqtisadi rayonu erməni işğalından azad edilmiş tarixi ərazilərimizin əsl statusudur. Vaxtilə Sovet Rusiyasının 1923-cü ildə yaratdığı qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti heç bir hüquqi statusa malik olmayan qurum kimi təkcə Azərbaycan ərazisində çar Rusiyası tərəfindən köçürülmüş ermənilərə yox, həm də Ermənistana dəstək vermək üçün formalaşdırılmış süni inzibati qurum idi. Bolşevik Rusiyasının rəhbərləri Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaqla gələcəkdə imkan yarandıqca bu ərazilərin Ermənistana verilməsini daha asan yolla təmin etmək məqsədini düşünmüşdülər. Buna görədir ki, Sovet hökumətinin XX əsrin səksəninci illərinin axırları və doxsanıncı illərin əvvəllərində ölkə üzrə yaratdığı millətlərarası münaqişələrin qızışdırılması siyasətini Dağlıq Qarabağda da tətbiq etməklə və Ermənistan tərəfinə hərbi dəstək verməklə Qarabağın işğal edilməsinə nail olması məhz yüz ildən çox davam etdirilmiş həmin məkrli siyasətin təzahürləri idi.

Bütün bunlara görə müstəqil Azərbaycan Respublikası Vətən müharibəsində Qarabağda işğal faktını aradan qaldırdıqdan sonra haqlı olaraq həmin qondarma muxtar qurumun bərpa edilməsinə heç cür razılıq verə bilməzdi. Artıq Dağlıq Qarabağdakı muxtariyyət beynəlxalq hüququn tələblərinə cavab verməyən, zorakılıq yolu ilə yaradılmış qeyri-qanuni inzibati vahid kimi tarixin arxivinə göndərilmişdir. Keçmiş qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti adlı süni qurumun əvəzinə yaradılmış Qarabağ iqtisadi rayonu işğaldan sonrakı Azərbaycanın tərkibində Qarabağın ən real statusunu müəyyən edir.

Qarabağ iqtisadi rayonu - ölkəmizin 14 iqtisadi rayonundan biri kimi bu regionu əhatə edən qədim Azərbaycan diyarında müstəqil dövlətimizin müəyyən etdiyi proqram əsasında, burada yaşayan bütün xalqların iştirakı ilə yenidən qurulub inkişaf etdiriləcək tarixi ərazimizdir. Regionun erməni əhalisi də respublikamızın digər bölgələrində yaşayan başqa azsaylı xalqlarla bərabər hüquqlar əldə edərək, onlar üçün yaradılmış multikultural mühitdə yaşayıb-yaratmaq imkanları qazana biləcəkdir.

Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın inzibati-ərazi bölgüsündə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması da tarixi ədalətin bərpa edilməsi deməkdir. Bolşeviklər tərəfindən 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun işğal edilərək daşnak Ermənistanına verilməsi fürsət yarandıqda ətraf ərazilərin, xüsusən də Naxçıvan ərazisinin də nə vaxtsa Azərbaycandan qopardılıb Ermənistana birləşdirilməsi məqsədi daşımışdır. Çünki sovet-bolşevik Rusiyası Ermənistanın timsalında SSRİ-nin qərb sərhədlərində özünün hərbi bazasını qurmaq, forpostunu yaratmaq niyyətində olmuşdur. Məhz həmin niyyətlə Qərbi Zəngəzur işğal olunmuş və Ermənistana hədiyyə edilmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması vaxtilə işğal edilmiş Qərbi Zəngəzurun hüdudlarında müstəqil Azərbaycan dövlətinin sərhədlərinin daha da möhkəmləndirilməsinə və bu iqtisadi rayonun inkişafına xidmət edir.

Şərqi Zəngəzur iqtisadi rayonu həm də region dövlətlərinin hərtərəfli inkişafına geniş imkanlar yaradacaq Zəngəzur dəhlizinin yaradılmasına açılmış qapıdır. Məhz Zəngəzur dəhlizi vasitəsilə yaradılacaq dəmir yolu və avtomobil qovşaqları ilə Azərbaycanın iqtisadi rayonları ilə ölkəmizin ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yenidən bərpa olunması təmin olunacaqdır. Zəngəzur nəqliyyat dəhlizinin yaradılması eyni zamanda, regionda Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının da iqtisadi maraqlarına tam cavab verir.

Həmçinin Ermənistan tərəfinin blokadadan çıxması, region dövlətləri və Rusiya Federasiyası ilə əlaqələrinin yaradılması baxımından da Zəngəzurun nəqliyyat magistralları əlverişli imkanlar yaradacaqdır. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat qovşağı kimi də Zəngəzur dəhlizi iqtisadi inkişaf üçün geniş perspektivlər açacaqdır. Bütün bunlara görə Şərqi Zəngəzurun yeni iqtisadi rayon kimi təsis edilməsi və Zəngəzur nəqliyyat qovşağının yaradılması təşəbbüsləri Vətən müharibəsindən sonra meydana çıxmış Böyük Qayıdışın masştabını, geniş əhatə dairəsini real surətdə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonu və Zəngəzur nəqliyyat dəhlizi Böyük Qayıdışın Qarabağdan - dünya magistrallarına doğru inkişaf ritmlərini əks etdirir.

Göründüyü kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır. Qarabağa yenidən və əbədi dönüşlə üzvi surətdə əlaqədar olan və eyni zamanda üç dövlətin: Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, Böyük Qayıdışın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu təsəvvür edə bilərik. Buna görə də Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq hadisədir.

Sözün əsl mənasında:

Böyük Qayıdış - ilk növbədə Qarabağın işğaldan azad edilməsinin və Qarabağa yenidən dönüşün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Proqramıdır.

Böyük Qayıdış - Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikasıdır.

Böyük Qayıdış - 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi deməkdir.

Böyük Qayıdış - ölkəmizin coğrafi xəritəsində yenidən salınmış, adları özünə qaytarılmış çoxsaylı kəndlər və şəhərlər, yollar, körpülər, müasir tikililər deməkdir.

Böyük Qayıdış - 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarının istifadəyə verilməsi, əkilib-biçilməsidir.

Böyük Qayıdış - Azərbaycan Respublikasının hərbi cəhətdən müdafiə olunmasında və iqtisadi-mədəni baxımından inkişaf etdirilməsində böyük addımlardır.

Məlumdur ki, artıq Azərbaycan Respublikasında Böyük Qayıdış hərəkatının icrasına başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin axır çərşənbə günü Şuşada - Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Qarabağa milli-mənəvi dəyərlərinin Əbədi Qayıdışının rəmzidir.

Müzəffər Prezidentimizin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işğaldan azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə Qayıdışın əməli ifadəsidir.

Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri əxlaqi-dini dəyərlərimizə Qayıdışın əks-sədasıdır.

Prezident İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların - toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır.

Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin təməllərini atmış, Cəbrayıl şəhərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Rəsmi açıqlamalara görə, 2022-ci ilin əvvəllərindən etibarən Qarabağ ərazilərinə Böyük Qayıdışa başlanılacaq, regionun daimi sakinlərinin özlərinin ata-baba torpaqlarına dönüşünə start veriləcəkdir. Bu, müasir Azərbaycan tarixinin ən mühüm tarixi hadisəsidir. Bununla Azərbaycanda otuz il müddətində davam etmiş məşəqqətli qaçqınlıq həyatına, nəhayət ki, son qoyulması prosesi başa çatacaqdır.

Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Aran zonasından Şuşa şəhərinə qədər uzanan 90 kilometrlik Zəfər Yolu ətraf rayonların və Şuşa şəhərinin yenidən qurulmasına şərait yaradır, regiona yeni həyatın gətirilməsinə uğurla xidmət edir.

Zəfər yolu - Böyük Qayıdışın Əməl yolu, İnkişaf yoludur.

Zəfər yolu - Haqq və Ədalət yoludur.

Zəfər yolu zəfərlərdən - zəfərlərə aparan böyük magistraldır.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun ayrı-ayrı rayonlarını əhatə edən genişmiqyaslı yollar şəbəkəsi Böyük Qayıdışın və Böyük Quruculuq Hərəkatının mükəmməl yol xəritəsidir. Yüksək dünya standartlarına cavab verən bu yollar şəbəkəsi Qarabağın yenidən qurulmasını və daha da inkişaf etdirilməsini təmin edən, lazım gəldikdə hərbi-strateji vəzifələrin də həyata keçirilməsi üçün əlverişli imkanlar yaradan magistrallardır.

Regionda icrasına başlanmış genişmiqyaslı dəmir yolları və hava yolları şəbəkələri Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi ilə bərabər, həm də qonşu dövlətlərlə əlaqələrin yenidən qurulmasına və turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir. Artıq Füzuli şəhərində salınmış Füzuli Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır. Füzuli Beynəlxalq Hava Limanı Böyük Qayıdış Hərəkatının Qoşa qanadıdır. Füzuli Aeroportu həm Qarabağ regionunun inkişafına, həm də Azərbaycan Respublikasının digər ölkələrlə əlaqələrinin genişləndirilməsinə, regionda turizmin yenidən qurulmasına və inkişaf etdirilməsinə uğurla xidmət edir. Füzuli Beynəlxalq Hava Limanı həm də işğaldan sonra ən qısa müddətdə Qarabağ ərazisində salınmış ilk aeroport kimi də mühüm hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərqi Zəngəzurda, Laçında və Kəlbəcərdə, Qubadlıda, Zəngilanda və Cəbrayılda təməllərini atdığı hava limanları, yaşayış məskənləri, tunellər, yollar da regionun hərtərəfli inkişafına xidmət göstərəcəkdir. Ağdamda yaradılacaq Sənaye Parkı, Cəbrayılda inşasına başlanmış Kamaz Regional Xidmət Mərkəzi, Araz Vadisi İqtisadi Zonası, Kəlbəcərdə məskunlaşmış heyvandarlıq və arıçılıq təsərrüfatları Qarabağın müasir həyatının reallıqlarıdır. Bütün bunlar həm də yeni iş yerləri, daimi məşğulluq sahələridir. Cəbrayıl rayonunda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin və rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimlərinin keçirilməsi regionda sosial sahənin də infrastrukturlarının yaradılmaqda olduğunu nəzərə çarpdırır. Bir sözlə, Prezident

İlham Əliyevin hər səfəri ilə Qarabağda və Zəngəzurda yeni həyat ritmlərinin şəbəkəsi daha da genişlənir və inkişaf edir.

Azərbaycanın tarixi Şuşa şəhəri Böyük Qayıdışın şah əsəridir.

Xalqımızın tarixində və taleyində mühüm yer tutmuş Şuşa şəhəri Vətən müharibəsindəki Zəfərdən sonra artıq özünün yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinə Azərbaycanın mədəniyyət paytaxtı statusu verilməsi bu qədim şəhərin yeni inkişafının hərəkətverici qüvvəsinə çevrilmişdir. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Şuşada ölkəmizin yeni mədəniyyət paytaxtının salınması istiqamətində mühüm layihələrinin həyata keçirilməsi işi sürətlə davam etdirilir.

Erməni vandalları tərəfindən güllələnmiş heykəllər: Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri və Üzeyir Hacıbəylinin yeni hazırlanmış daha bir heykəli artıq Şuşa şəhərində ucaldılmışdır. Şuşa şəhərində artıq fəaliyyətə başlamış xalq artisti Bülbülün ev muzeyi Azərbaycan musiqi mədəniyyətinin tarixi ənənələri, görkəmli simaları və müasir inkişafı ilə əlaqədar tam təsəvvürün formalaşdırılmasına, böyük ifaçının dünyaya və yeni nəsillərə tanıdılmasına geniş imkan yaradır. Şuşadakı Xalça Muzeyində nadir Qarabağ xalçaları nümayiş etdirilir. Heydər Əliyev Fondu tərəfindən yeni yaradılmış sərgi salonunda Azərbaycanın reallıqlarını əks etdirən müxtəlif sərgilər təqdim olunur. Şuşa şəhərində salınmış müasir mehmanxana kompleksləri burada beynəlxalq və respublika səviyyəsində genişmiqyaslı tədbirlərin təşkil edilməsi üçün tam şərait yaradır.

Şuşa şəhərində yüksək səviyyədə keçirilmiş Beynəlxalq “Xarıbülbül” Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtının ilk möhtəşəm musiqi tədbiri olaraq yeni dövrün mühüm sənət hadisəsinə çevrilmişdir.

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində - Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş Beynəlxalq “Xarıbülbül” Musiqi Festivalı Azərbaycan Respublikasının qazandığı tarixi Zəfərin təntənəsinə həsr olunmuş möhtəşəm qala-konsertdir.

“Xarıbülbül” Musiqi Festivalı - Azərbaycan incəsənətinin nəhəng musiqi çələngidir.

“Xarıbülbül” Musiqi Festivalı - Qarabağda qazanılmış böyük Zəfərin atəşfəşanlığının əyani təcəssümüdür.

“Xarıbülbül” Festivalı - Qarabağın musiqi dünyasının müasir dövrdəki “Qarabağ şikəstəsi”dir.

“Xarıbülbül” Musiqi Festivalı - Qarabağın zəngin musiqi və ifaçılıq mədəniyyətinin ilk Böyük Qayıdışı hadisəsidir.

Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi tanıdılmasında burada ermənilərin vəhşicəsinə dağıtdıqları görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin yenidən bərpa edilməsi və Vaqif Poeziya Günlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bərpa edilərək əsaslı şəkildə yenidən qurulan Molla Pənah Vaqifin məqbərəsi azad Şuşanın möhtəşəm memarlıq abidəsidir. Prezident İlham Əliyevin 29-30 avqust 2021-ci il tarixlərində Molla Pənah Vaqifin məqbərəsinin açılışında və Vaqif Poeziya Günlərinin başlanğıc mərasimində iştirak etməsi və nitq söyləməsi bu tarixi-mədəni hadisələri müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin təntənəsinə çevirmişdir.

Vaqif Poeziya Günlərinin keçirilməsi özündə bir çox mənaları ifadə edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə ilk növbədə vaxtilə Ulu Öndər Heydər Əliyevin başladığı sənətə və sənətkarlara ehtiram göstərilməsi ilə əlaqədar ədəbiyyat siyasətinin davam etdirilməsini və yaşadılmasını təmin etmişdir.

Vaqif Poeziya Günlərinin keçirilməsi ilə Şuşaya - Qarabağa müasir şəraitdə ədəbiyyat və mədəniyyət ab-havasının qaytarılması gerçəkləşdirilmişdir.

Geniş tərkibdə Azərbaycan ziyalıları, elm və mədəniyyət xadimləri ilə yanaşı, dövlət rəsmilərinin, millət vəkillərinin də iştirak etdiyi Vaqif Poeziya Günləri ədəbiyyat tədbirinin sədlərini aşaraq mühüm ictimai-mədəni hadisə səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılışı mərasimindəki dərin məzmunlu və parlaq nitqi Qarabağa Böyük Qayıdış hərəkatı ilə ölkəmizin ədəbiyyat və mədəniyyət siyasətinin üzvi vəhdətinin canlı təcəssümünün ifadəsidir.

Ədəbiyyat hadisəsi kimi də Vaqif Poeziya Günləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mübariz ruhunun təntənəsi kimi səslənmişdir. Azərbaycan ədəbiyyatının ağsaqqal nəsillərinin - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, Xalq yazıçısı Elçinin çıxışları və Xalq şairi Nəriman Həsənzadənin həyəcanla oxuduğu şeiri ədəbiyyatımızın müdriklik və müasirlik ruhunun mesajlarıdır. Gənc nəsil şairlərin Molla Pənah Vaqifin məqbərəsi qarşısında oxuduqları şeirlər Azərbaycan ədəbiyyatının yeni tarixi epoxadakı poetik monoloqlarıdır.

Vaqif Poeziya Günləri çərçivəsində keçirilmiş simpozium ölkəmizdə poeziya günləri ilə elmi fikrin əlaqələndirilməsinin ilk modelidir. Bu, böyük Məhəmməd Füzulinin vaxtilə dediyi “elmsiz şeir əsası yox divar olur” misrasındakı gerçəkliyin Şuşada həyata keçirilməsinin nümunəsidir. Fikrimizcə, bundan sonra başqa görkəmli şairlərimizin adı ilə əlaqədar keçirilmiş poeziya günlərində də paralel olaraq elmi konfransların keçirilməsi həm ədəbiyyatın, həm də elmin xeyrinə olar.

Nizami Gəncəvi ilində Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizdə ədəbiyyat və incəsənətin inkişafına dövlət səviyyəsində göstərilən böyük qayğının əməli ifadəsidir.

Molla Pənah Vaqifin Şuşa şəhərindəki məqbərəsi önündə təşkil olunmuş Poeziya Günləri Böyük Qayıdışın poetik manifestidir.

Göründüyü kimi, artıq Azərbaycan Respublikasında Böyük Qayıdışın epopeyası yaranmaqdadır.

Çar Rusiyasının erməniləri İrandan Qarabağa köçürməsi, bolşeviklər tərəfindən qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX əsrin səksəninci illərinin sonlarında burada millətlərarası münaqişələrin qızışdırılması yolu ilə qanlı qarşıdurmaların törədilməsi, azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salınması Qarabağ epopeyasının faciəli tarixi səhifələridir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qarabağın 30 illik işğaldan azad edilməsi və Zəfərin qazanılması Böyük Qayıdış epopeyasının möhtəşəm başlanğıcı, proloqudur.

Azərbaycan Ordusunun zərbələri nəticəsində ermənilərin Qarabağ ərazilərindən, döyüş mövqelərindən qaçaqaçı Böyük Qayıdış epopeyasının kütləvi səhnələrindəndir.

Qarabağın şəhərləri və kəndlərində yeni yaşayış məskənlərinin yaradılması, müasir təsərrüfat-sənaye obyektlərinin yaradılması və sosial infrastrukturun qurulması, regionda böyük magistralların salınması, iqtisadi-mədəni dirçəlişin formalaşdırılması Böyük Qayıdış epopeyasının parlaq fəsilləridir.

Şuşa şəhərində Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin ucaldılması Böyük Qayıdış epopeyasının poeziya əlavəsidir.

Böyük Qayıdış “uçurulan məscidlərin, yandırılan meşələrin, güllələnən heykəllərin, susdurulan muğamların” Əbədi Qayıdışıdır.

Füzuli rayonunda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və ilk uçuşların həyata keçirilməsi Böyük Qayıdış epopeyasının kulminasiya-dönüş nöqtəsidir.

Qarabağda erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi əsasında diyarda yenidən məskunlaşmanın başlanması, regiona öz sahiblərinin dönüşü Böyük Qayıdış epopeyasının davam etməkdə olan finalıdır.

Qarabağ Azərbaycandır. Nida! - Böyük Qayıdış epopeyasının əsas ideyasıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Böyük Qayıdış epopeyasının müəllifi və baş qəhrəmanıdır.

Böyük Qayıdış epopeyası - Qarabağın qurtuluş salnaməsidir.

Böyük Qayıdış epopeyası - Qarabağın dünəni, bu günü və işıqlı sabahlarıdır.

Böyük Qayıdış epopeyası - ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda yeni həyatın dastanıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Qurtuluş Günü - 15 iyun 2021-ci il tarixdə azad olunmuş Şuşa şəhərində imzaladıqları Şuşa Bəyannaməsi Böyük Qayıdış epopeyası ideyalarının gerçəkləşdiriləcəyinin möhkəm təminatıdır.

Azərbaycan-Türkiyə birliyi uzaqgörən gərkəmli dövlət xadimi Heydər Əliyevin “Bir millət - iki dövlət” ideyasının beynəlxalq miqyasda və dövlətlərarası münasibətlərdə ən çətin sınaqlardan alnıaçıq səviyyədə çıxmış sarsılmaz həmrəyliyin əyani təcəssümüdür.

Qarabağın işğaldan azad olunması uğrunda Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın bəyanatları Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına qardaş ölkənin tam dəstək verməsinin canlı və ibrətamiz nümunəsidir.

Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi və həmrəyliyi Böyük Qayıdış epopeyasının alternativsiz dəstəyinin bariz ifadəsidir.

Böyük Qayıdış epopeyası - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı naminə 2003-cü ildən başlayaraq uğurla davam edən yorulmaz fəaliyyətinin, ölkəmizin iqtisadi-mədəni inkişafı və ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizənin çoxcildlik külliyyatıdır.

Böyük Qayıdış epopeyası - Prezident İlham Əliyevin Böyük Quruculuq Hərəkatının bitib-tükənməz serialıdır.

Böyük Qayıdış epopeyası - ərazi bötövlüyünü qazanmış və sürətlə inkişaf etməkdə davam edən müstəqil Azərbaycan Respublikasının Böyük Gələcəyinin manifestidir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

“Azərbaycan” qəzeti