XƏBƏRLƏR Arxiv 1345 Çap et
22.10.2021 / Mühüm hadisələr Akademik İradə Hüseynova: “Qarabağ Elmi-Tədqiqat Bazası regionda kənd təsərrüfatının davamlı inkişafına real töhfələr verəcək”

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilən, Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda va arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” tarla seminarında “Qarabağ va Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar elmin inkişaf perspektivləri” mövzusunda çıxış edib.

Vitse-prezident AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin dəstəyi ilə Qarabağda baş tutan, ölkə elmi və aqrar sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən tədbirin işinə uğurlar arzulayıb. Akademik seminarın AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin işğaldan sonra qədim Qarabağ torpağında keçirilən ilk tədbiri olduğunu qeyd edərək şəhidlərimizi hörmətlə yad edib, onlara Allahdan rəhmət diləyib.

İ.Hüseynova Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır” sözlərini xatırladaraq sözügedən rayonun onlarla şəhid verdiyini, 30 il müddətində rayonun mütəmadi olaraq mərmi atəşlərinə məruz qaldığını, 44 günük müharibə dövründə isə intensiv artilleriya, mərmi və raket atəşinə tutulduğunu diqqətə çatdırıb. 

“Otuz ilə yaxın bir müddətdə işğal altında qalmış Qarabağda ermənilər tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, ümumbəşəri dəyərlərə zidd olaraq biomüxtəliflik, yeraltı və yerüstü sərvətlər talan edilmiş, meşə, otlaq, torpaq və su ehtiyatlarından düşməncəsinə istifadə olunmuş, kənd təsərrüfatı sistemləri tamamilə dağıdılmışdır. Təəssüf ki, bu müddətdə regionda hər hansı tədqiqat işi aparmaq mümkün olmamışdır”, - deyə akademik İ.Hüseynova qeyd edib. Əlavə edib ki,  Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə regionun biomüxtəlifliyinin, torpaq və su resurslarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, kənd təsərrüfatı istehsalının yenidən təşkili və inkişafı üçün tarixi şans yaranıb.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, Qarabağın təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, əlverişli su təminatı, coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün hər zaman böyük imkanlar yaradıb. Təbii mühitlərdə mədəni bitkilərin yabanı əcdadları, çoxsaylı nadir və endemik növlər geniş yayılıb. Qarabağda becərilən buğda, qarğıdalı, kartof, noxud, üzüm, nar, eləcə də qərzəkli bitkilər və təsərrüfat sahələri geniş müxtəlifliyə malik olub, region mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının yüzilliklər ərzində xalq tərəfindən yaradılmış qiymətli seleksiya nümunələri ilə seçilib.

“İşğaldan əvvəl regionda təqribən 140 min hektar əkin sahəsi istifadə olunmuşdur. Burada əsasən taxıl sahələri və üzümlüklər üstünlük təşkil etmiş, eləcə də həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlıq yayılmışdır. Qarabağda ənənəvi sahələrin bərpası ilə yanaşı, kartof, tərəvəz, bostan və yem bitkiləri də daha geniş şəkildə becərilə bilər”, - deyə vurğulayan İ.Hüseynova bu sahələrin inkişafı üçün də elmi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.

Akademik Qarabağ Elmi Tədqiqat Bazası haqqında məlumat verərək bildirib ki, 1950-1989-cu illərdə təqribən 1700 hektar torpaq sahəsində yaradılmış baza tərəfindən mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının, yerli ənənəvi xalq seleksiyası nümunələrinin toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması həyata keçirilib: “Aqrar elmin inkişafında xüsusi rolu olan bu regional mərkəzdə Azərbaycanın korifey alimləri, akademiklər - Cəlal Əliyev, İmam Mustafayev, İlyas Abdullayev, Ələkbər Quliyev və digər mütəxəssislər səmərəli fəaliyyət göstərməklə elmin inkişafına və alınan nəticələrin istehsalata tətbiqinə öz töhfələrini veriblər. Xüsusilə vurğulamaq istərdim ki, 1970-ci ildə tut bitkisi üzrə SSRİ-Hindistan beynəlxalq simpoziumu məhz Qarabağ Elmi-Tədqiqat Bazasında yüksək səviyyədə keçirilmiş və tədbirdə dünyanın bir çox ölkələrindən, o cümlədən Hindistan, Çin, Yaponiya, Vyetnam, həmçinin keçmiş SSRİ respublikalarından olan çoxlu sayda alim və mütəxəssislər iştirak etmişlər”. 

Akademik İ.Hüseynova I Qarabağ müharibəsində erməni təcavüzkarları tərəfindən bazanın torpaq sahələri, binaları, toxumtəmizləmə zavodu, ferma, artezian quyuları, transformator stansiyaları, texnikası, cins mal-qara sürüləri, genefond bağları, dünya və yerli kolleksiya nümunələrinin və s. zəbt edilərək mənimsənildiyini diqqətə çatdırıb.

Məruzəçi artıq işğaldan azad edilmiş ərazilərin yenidən qurulmaqda, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılmaqda olduğunu qeyd edərək Qarabağın davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan elminin bütün resurslarını səfərbər etmək, regionda müxtəlif istiqamətlərdə multidissiplinar elmi tədqiqat fəaliyyətlərinin bərpasına və intensivləşdirilməsinə nail olmaq istiqamətində də tədbirlər görüldüyünü bildirib.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, zona üzrə aqrar tədqiqatların aparılması, aqrobiomüxtəlifliyin, torpaq və su resurslarının mövcud vəziyyətinin öyrənilməsi, region üçün xarakterik olan genetik ehtiyatların bərpası, toplanaraq mühafizəsinin və səmərəli istifadəsinin təşkili kənd təsərrüfatının, ümumilikdə Qarabağın inkişafı baxımından olduqca vacibdir: “AMEA-nın “2020-2025-ci illər üzrə inkişaf strategiyasında” və “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında” tədbirlər planında Qarabağın torpaq və su resurslarının, fauna və florasının öyrənilməsi, aqrar tədqiqatların bərpası və intensivləşdirilməsi məsələləri də nəzərdə tutulub. AMEA, o cümlədən akademiyanın Biologiya və Tibb Elmləri Bölməsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Bu təkliflərin arasında Qarabağ Elmi Tədqiqat Bazasının bərpası məsələsi də xüsusi yer tutur”.

Akademik bildirib ki, Azərbaycanda elmin koordinatoru funksiyasını yerinə yetirən AMEA-da hazırda bütün istiqamətlərdə olduğu kimi, akademiyanın 7 min hektaradək torpaq sahəsindən səmərəli istifadə olunması ilə bağlı müvafiq tədbirlər görülür, bu ərazilərin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması və s. məqsədlərlə istifadə nəzərdə tutulur. Əlavə edib ki, AMEA-nın Qarabağ Elmi-Tədqiqat Bazası da ən müasir tələblərə uyğun qurulmalı, burada aparılacaq elmi-tədqiqat işlərinin səviyyəsi dünya standartlarına cavab verməli, innovativ yanaşmalar tətbiq olunmalı, o cümlədən yüksəkixtisaslı kadr potensialı formalaşdırılmalıdır.

Akademik Qarabağ Elmi-Tədqiqat Bazasının qısa müddətdə bərpa ediləcəyinə, bazanın bölgədə aqrobiomüxtəlifliyin öyrənilməsi, saxlanılması, eləcə də yeni bitki sortları və heyvan cinslərinin yaradılması istiqamətində aparıcı elmi-tədqiqat mərkəzinə çevriləcəyinə, regionda kənd təsərrüfatının davamlı inkişafına real töhfələr verəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, bugünkü seminarda olduqca məhsuldar müzakirələr aparılaraq bölgədə elmin inkişafı üçün gələcək prioritetlər müəyyənləşdiriləcək”.

 

www.science.gov.az