XƏBƏRLƏR Arxiv 1289 Çap et
27.10.2021 / Maraqlı məlumatlar ABŞ-ın Arkanzas ştatının cənub-qərbində yeni növ balıq və kərtənkələ qalıqları aşkarlanıb

ABŞ-ın Viskonsin ştatının Oşkoş şəhərində yerləşən Viskonsin Universitetinin tədqiqatçıları təxminən 100 milyon il əvvəl müasir Amerikanın cənubunda, indiki Arkanzas ştatının cənub-qərbində yaşamış iki kiçik yeni körpə balıq və kərtənkələ qalıqları aşkar ediblər.

Weis Yer Elmləri Muzeyinin direktoru, paleontoloq Cozef Frederikson yeni tapıntı barədə “PeerJ” jurnalında nəşr etdirdiyi məqaləsində tədqiqatçıların aşkarladıqları yeni növlərin “Sciroseps pawhuskai” adlı kiçik kərtənkələ və “Anomoeodus caddoi” adlı körpə balıq olduğunu bildirib.

Bu tapıntılar sözügedən ərazidə dinozavrlar, məməlilər, balıqlar, suda-quruda yaşayanlar və sürünənlər də daxil olmaqla, bir çox növlərin yaşadığı iddialarını gücləndirib.

“Düşünürəm ki, bu məqalə təkcə dinozavrların deyil, həm də bir çox müxtəlif heyvanların fosil vəziyyətində qaldığını göstərən əyani xatırlatmadır. Bu tədqiqat işində sənədləşdirilmədiyindən öyrənilməsi çətin olan və nəhəng dinozavrların ayaqları altında sürünən və ya üzən kiçik orqanizmlərə böyük diqqət yetirilir. Belə ki, məhz bu kiçik heyvanlar vasitəsilə onların yaşadıqları mühit haqqında daha dolğun təsəvvürə malik ola bilərik”, - deyə 2017-ci ildən bu istiqamətdə araşdırma aparan C.Frederikson məqaləsində qeyd edib.