AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Kütahya Dumlupınar Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Kütahya Dumlupınar Universitetinin rektoru, professor Dr. Kazım Uysal və universitetin prorektoru, professor Atilla Baturdan ibarət nümayəndə heyəti Azərbaycana səfərləri zamanı Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda olmuş və birgə əməkdaşlıq protokolları imzalamışlar.
Nümayəndə heyəti Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova ilə görüşüb. Görüş zamanı institutun tarixi və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, son illər Fiziologiya İnstitutunda görülən işlər təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Eyni zamanda Kütahya Dumlupınar Universiteti və Fiziologiya İnstitutu ilə əməkdaşlıq perspektivləri, biotibb sahəsində aparılacaq elmi tədqiqat işləri də müzakirə edilib.
İmzalanmadan sonra tərəflər protokolun faydalı olmasını arzulayıblar. Bildiriblər ki, bu imzalanan yeni əməkdaşlıq protokolları əlaqələri daha da gücləndirəcək və birgə uğurlu layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Nümayəndə heyəti onu da qeyd edib ki, bu müqavilə elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən hər iki tərəf birgə beynəlxalq konfrans və simpoziumlar təşkil edə, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr edə biləcək. Bu məqsədlə də Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə əməkdaşlıq protokolları imzalandı. Ümid edirik ki, “Güc birlikdədir” şüarı ilə gələcəyə daha inamlı və güclü qədəm qoyacağıq. Bu birliyin daimi olmasını diləyirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.