XƏBƏRLƏR Arxiv 1398 Çap et
05.11.2021 / Konfranslar, iclaslar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının Ümumi yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Elmi şuranın sədri iştirakçılara 8-10 noyabr 2021-ci il tarixlərində AMEA-nın təşkilatçılığı ilə Zəfər Günü və şəhidlərin xatirəsinə həsr olunmuş II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbirdə 20-dən çox ölkədən daxil olmuş 216 məruzənin dinləniləcəyini bildirib.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

Birinci məsələ AMEA-nın Botanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi olub. Akademik İradə Hüseynova qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın namizədliyi irəli sürülür.

Akademik İradə Hüseynova namizədin həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb. O bildirib ki, AMEA Botanika İnstitutunun direktoru vəzifəsini icra edən biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva 1995-ci ildə “Botanika” ixtisası üzrə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2012-ci ildə professor elmi adına layiq görülüb. 1995-ci ildən 2020-ci ilə qədər AMЕA-nın Bоtanika İnstitutunda elmi işçidən Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib. S.İbadullayeva Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibini öyrənib, genezisi və formalaşması yollarını araşdırıb, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaları senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirib. Onun tərəfindən Azərbaycan florasında bir sıra fəsilələrin taksоnоmik tərkibi və biоеkоlоji xüsusiyyətləri müəyyənləşdirilib, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin regionlar üzrə ehtiyatı öyrənilib və ilk dəfə olaraq itməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işlənib hazırlanıb. Professor Səyyarə İbadullayeva 250-ə qədər elmi əsərin (100-ə qədəri xaricdə), o cümlədən 2 müəlliflik şəhadətnaməsinin, 12 kitabın müəllifidir. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 3 elmlər, 10 fəlsəfə doktoru hazırlanıb.

Sonra aparılan müzakirələrdə akademiklər Qərib Məmmədov, Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Zeynal Əkpərov, Saleh Məhərrəmov, Novruz Quliyev, Əlövsət Quliyev və başqaları çıxış edərək professor Səyyarə İbadullayevanın elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra professor Səyyarə İbadullayeva açıq səsvermə yolu ilə Bоtanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar verilib.

 

www.science.gov.az