XƏBƏRLƏR Arxiv 1413 Çap et
05.11.2021 / Konfranslar, iclaslar İnstitutda Zəfər gününə həsr olunan tədbir keçirildi

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitututunda 8 noyabr-Zəfər Gününün birinci ildönümü münasibətilə geniş tədbir kecirilib.

İlk öncə tədbir iştirakcılarının institutun foyesində təşkil edilmiş Zəfər kitab sərgisinə baxışı olub. Sonra Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova tədbiri acaraq qeyd edib ki, 44 gün davam edən bu müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etdi, illər boyunca dədə-baba ocaqlarına sarı boylana-boylana qalan yurdçuların, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Müharibə Prezidentimizin təbirincə desək, hərbi-siyasi metodlarla həll edildi. Bu şanlı Qələbə hərb tariximizə Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı. 2020-ci il Azərbaycan xalqının həyatına Qələbə ili kimi daxil oldu.

Professor Ulduz Həşimova bildirib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, işğalçı qalan torpaqlardan çıxmayacaqdı. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışıq.

Professor Ulduz Həşimova xüsusilə vurgulayıb ki, Şanlı Qələbənin siyasi, mənəvi, bəşəri mənası böyük və misilsizdir. Biz bu sahədə nə etməyə borcluyduqsa, nəyə qadir idiksə, onu da etdik. Əsas odur ki, Azərbaycanın qüdrətini, haqqını görməzlikdən gələn ermənipərəstlər bu möhtəşəmliyin qarşısında geri çəkilməyə məcbur oldular. Dünya bir daha Azərbaycanın bir dövlət olaraq gücünün fərqində oldu. Xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Bu Qələbə nəinki Azərbaycanın siyasi dairələrində, eləcə də dünya cəmiyyətinin siyasi baxışlarında hər zaman müzakirə müstəvisinə gətiriləcək. Azərbaycanın bir çox sahələrdə olduğu kimi, Vətən müharibəsində qazandığı hərbi və siyasi təcrübəsi də uzun illər, tarix boyunca öyrəniləcək, tədqiq olunacaq, nəticə etibarı ilə dünyada sülhün, əmin-amanlığın qorunmasında yolgöstərən rolunu ifa edəcəkdir.

Sonra ailəsində şəhid, qazi və müharibə iştirakçısı olan inistitut əməkdaşları cıxış edərək bildiriblər ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Sonda müraciəti inistitut rəhbərliyi tərəfindən müsbət qarşılanaraq kollektivdə yenicə işlə təmin olunan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə medalla təltif edilmiş qazi Vəliyev Arzuman Ənvər oğlu çıxış edərək keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışıb, Vətən müharibəsində sağlamlığını qismən itirən döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.