XƏBƏRLƏR Arxiv 1363 Çap et
19.11.2021 / Mühüm hadisələr Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində fəaliyyətimizi gücləndirməliyik”

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli beynəlxalq onlayn elmi seminarın açılış tədbirində çıxış edib.

Akademik İ.Hüseynova tədbirin Azərbaycan və türk dünyası üçün əlamətdar bir dövrə - işğalçı Ermənistan üzərində qazanılmış tarixi Zəfərin birinci ildönümü günlərinə təsadüf etdiyini deyib. O, böyük qələbə sayəsində Qarabağın bərpası, Qafqaz regionunda davamlı və ədalətli sülhün təmin olunması üçün tarixi şansın əldə edildiyini, həmçinin elmin bölgəyə böyük qayıdışının mümkün olduğunu vurğulayıb. Əlavə edib ki, bu əsasda Türkiyənin elm və təhsil müəssisələri ilə birgə bir neçə mühüm beynəlxalq və regional tədbir gerçəkləşdirilmiş, müvafiq tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda gələcək əməkdaşlığa təkan vermək bu tədbirlərin ana xəttini təşkil etmişdir.

“Son illərdə AMEA-da akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə elmi fəaliyyətin səmərəliliyini artırmağa imkan verən islahatlar aparılır, dünya elminin əsas inkişaf tendensiyalarını nəzərə almaqla prioritet istiqamətlər yenilənir, ölkə üzrə elmi tədqiqatların yeni inkişaf strategiyası hazırlanır”, - deyə bildirən İ.Hüseynova qeyd edib ki, yeni prioritetlərin müəyyənləşdirilməsində qlobal problemlərin sayının artması, onların bir çoxunun, o cümlədən qlobal iqlim dəyişikliklərinin, yoluxucu xəstəliklərin və onların yayılma tezliklərinin intensivləşməsi kimi məsələlər xüsusilə mühüm rol oynayır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası dünya ictimaiyyətinin, beynəlxalq qurumların və dövlətlərin diqqətini təbii və antropogen xarakterli təhlükə və təhdidlərə qarşı mübarizə istiqamətində fundamental və tətbiqi elmi tədqiqatların daha intensiv inkişaf etdirilməsinin, eləcə də dünya dövlətləri və alimlərinin bu sahədə səylərinin birləşdirilməsinin vacibliyinə cəlb edib.

AMEA-nın vitse-prezidenti canlı həyatın və ətraf mühitin öyrənilməsinə ən müasir elmi-texnoloji yanaşmaların tətbiqi, informasiya texnologiyaları, fiziki, kimyəvi və bioloji proseslərin modern riyazi və kompüter modelləşdirmələri, maşınöyrənmə və süni intellekt, molekulyar biologiya, gen redaktəsi, OMİX (o cümlədən, populyasyon genomiks), bio və nanotexnologiyalar, mikro- və neyrobiologiya və digər sahələrdə tədqiqatların daha da dərinləşdirilməsinin dövrün tələbi olduğunu söyləyib. O, bütün bu proseslərdə iki qardaş ölkənin alimlərinin fəal iştirakını həm dövlətlərimizin inkişafı, həm də dünya elminə mühüm töhfələr verilməsində birgə fəaliyyətlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb.

Son illərdə Azərbaycan və Türkiyənin elm və təhsil müəssisələrinin müştərək layihələrdə fəal iştirak etdiyini deyən İ.Hüseynova AMEA ilə TÜBİTAK arasında bağlanmış müqavilələr əsasında çoxsaylı ikitərəfli qrant layihələrinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə bir sıra layihələrin icra edilməkdə olduğunu diqqətə çatdırıb.

“Düşünürəm ki, Azərbaycanın və Türkiyənin elm və təhsil müəssisələrinin, alim və mütəxəssislərinin ortaq tədbirlər vasitəsilə daha tez-tez bir araya gəlməsi, onlar arasında elmi əlaqələrin daha intensiv xarakter alması ilə bağlı fəaliyyətlərimizi gücləndirməliyik”- deyə alim əlavə edib.

Akademik İ.Hüseynova seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamını ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

 

www.science.gov.az