XƏBƏRLƏR Arxiv 1246 Çap et
02.12.2021 / Mühüm hadisələr “Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin ən nadir və nəfis nümunəsi olan “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın ölkəmizdə ilk dəfə tam kitab halında nəşr edildiyi nümunənin təqdimatı keçirilib.

Kitab Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə yüksək poliqrafik səviyyədə çap edilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyev Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin Türkiyənin Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi fundamental kitabın mədəniyyətimiz üçün böyük töhfə olduğunu bildirib. O, Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvürün əldə edildiyini qeyd edib.

Daha sonra mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi “Nizami İli” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatür kitabın nəşr etdirilməsinə hazırlaşır.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında vurğulayıb ki, təqvimlərə düşən və düşməyən bayramlar var, amma onların içərisində ən dəyərlisi və əbədisi kitab bayramıdır. Azərbaycan sevinə bilər ki, kitab bayramları sırasına daha biri əlavə olunur. XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin baharı başlanır.

Akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Mərasimdə çıxış edən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir. Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir. Bu baxımdan, kitaba elmi dəyər vermək lazımdır.

Tədbirin siyasi əhəmiyyətinə toxunan Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Belə kitabların nəşri müharibədir, siyasətdir. Sübut edirik ki, bizim mədəniyyətimiz hansı səviyyədədir. Çünki vikipediya kimi mənbələr dahi şəxsiyyətlərimizi erməni kimi təqdim edir. Biz bununla mübarizə aparmalıyıq. Belə kitabların nəşr olunması bizim üçün çox böyük uğurdur”.

Sonra Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze və Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, professor Elbay Qasımzadə çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

 

www.science.gov.az