XƏBƏRLƏR Arxiv 1220 Çap et
03.12.2021 / Maraqlı məlumatlar Ekzoplanetlərin qalıqları arasında yeni süxurlar tapılıb

Amerikanın Optik-İnfraqırmızı Astronomiya üzrə Tədqiqat Laboratoriyasının (NOIRLab) alimləri Günəşdən 650 işıq ili məsafədə yerləşən, kiçik və orta ölçülü ulduzların qalığı olan 23 ağ cırtdanı araşdırıblar. Araşdırmaların nəticəsi “Natural Astronomy” jurnalında dərc olunub.

Qeyd edək ki, ulduzlar ölərək ağ cırtdanlara çevrilərkən onların orbitindəki ekzoplanetlər parçalanır. Həmin ağ cırtdanların atmosferləri isə məhv etdikləri planetlərin qalıqlarından ibarət elemetlərdən təşkil olunur.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, əvvəlcə tədqiqatçılar ulduzların şüalandırdığı işığı analiz edərək ağ cırtdanların  atmosferindəki müxtəlif elementlərin nisbətini müəyyənləşdiriblər. Sonra isə məhv olmuş planetlərin tərkibinin hansı minerallardan təşkil olunduğu ehtimalını hesablayıblar. Hesablamaların nəticəsinə əsasən məlum olub ki, ağ cırtdanlardan yalnız birində Yerə bənzər geoloji quruluşa malik ekzoplanetlərin qalıqları var. Digər tədqiqat obyektlərinin atmosferində isə ekzoplanetlərin indiyə kimi planetimizdə və hətta ümumilikdə Günəş sistemində rast gəlinməyən minerallardan təşkil olunmuş qalıqlarını tapıblar. Elmə məlum olmayan bu yeni süxurlar alimlər tərəfindən “kvars piroksenitləri” və “periklaz dunitləri” olaraq adlandırılıb.

Yerdə süxurlar əsasən üç mineraldan - olivin, ortopiroksen və klinopiroksendən ibarətdir. Ancaq tədqiq edilən ağ cırtdanların əksəriyyətinin atmosferindəki elementlərin nisbəti göstərir ki, orada bu minerallardan hər hansı birinin formalaşması ehtimalı çox azdır. Bir vaxtlar ağ cırtdanların orbitində olan bəzi ekzoplanetlər Yerə bənzədilsə belə, onların əksəriyyəti Günəş sistemimiz üçün ekzotik olan süxur növlərindən təşkil olunmuşdular.

Alimlərin fikrincə, ekzoplanetlərdə nə qədər yeni süxur növlərinin tapıla biləcəyi dəqiq məlum deyil və kosmik cisimlərin mineralogiyasını tam başa düşmək üçün yeni tədqiqatlar aparmaq lazımdır.

 

www.science.gov.az