XƏBƏRLƏR Arxiv 1026 Çap et
07.12.2021 / Yubileylər Professor Ulduz Həşimovanın 70 yaşı tamam olur

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın 70 yaşı tamam olur.

Ulduz Fayızi qızı Həşimova 5 dekabr 1951-ci ildə Şamaxı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1973-1975-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1975-ci ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant işləyib. 1975-1978-ci illərdə SSRİ EA-nın Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1979-1985-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda kiçik elmi işçi, 1985-1999-cu illərdə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutunda böyük elmi işçi, 1999-2001-ci illərdə Qərb Universitetində kafedra professoru, 2001-2005-ci illərdə həmin universitetin Magistratura şöbəsinin dekanı, 2006-2013-cü illərdə “Logos” MMC-nin direktoru, 2013-2014-cü illərdə AMEA-nın Rəyasət Heyəti aparatında Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri, 2014-2021-ci illərdə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru vəzifələrində çalışıb. 2021-ci ildən Fiziologiya İnstitutunun baş direktorudur.

O, 1979-cu ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2019-cu ildə professor elmi adını alıb.

Alimin elmi fəaliyyəti orqanizmin həyat fəaliyyətinin fizioloji və hüceyrəvi-molekulyar mexanizmlərinin öyrənilməsi, herontoloji tədqiqatlar, qocalmanın biologiyası, uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yaşla bağlı və sosial əhəmiyyətli xəstəliklərin molekulyar fərdiləşdirilmiş diaqnostikası məsələlərinə həsr olunub.

Ulduz Həşimova 170-dən çox elmi əsərin, o cümlədən beynəlxalq bazalarda indeksləşən məqalələrin və 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Tanınmış alim Avro-Aralıq Dənizi Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Avropa Herontologiya və Heriatriya Cəmiyyətləri Assosiasiyasının vitse-prezidenti, UNESCO yanında Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin, Asiya Elmlər Akademiyaları və Elm Cəmiyyətləri Assosiasiyasının üzvü, Azərbaycan Fizioloqlar və Azərbaycan Herontoloqlar cəmiyyətlərinin sədridir. Həmçinin 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Professor Ulduz Həşimovanı 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun, sağlam ömür, gələcək elmi, elmi-təşkilati və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

 

www.science.gov.az