XƏBƏRLƏR Arxiv 1196 Çap et
06.12.2021 / Mühüm hadisələr DİM-in Direktorlar Şurasının sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlıq məktubu ünvanlayıb

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlıq məktubu ünvanlanıb.

Məktubda bildirilir:

“Ölkəmizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə edilən şanlı qələbə möhtərəm Prezidentin uğurlu diplomatiyası, qüsursuz strategiyası sayəsində mümkün olmuşdur. Bu tarixi nailiyyətin qazanılmasında güclü, ən yeni texnologiyalarla təchiz edilmiş intellektual ordumuzun, yüksəkixtisaslı kadr potensialının, xüsusən də milli təhsil sistemimizin yetirmələri olan soydaşlarımızın xidmətləri misilsizdir. Bütün dünya şahid oldu ki, Azərbaycanda son 20 il ərzində insan kapitalının inkişafı istiqamətində görülən məqsədyönlü işlər cənab Prezidentin ölkəni qalibiyyətə aparan strategiyasının uğuruna çevrildi.

Respublikada yüksəkixtisaslı kadr hazırlığının tərkib hissələrindən biri də ali təhsil müəssisələrinə tələbə qəbuludur.

2021-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ümümtəhsil müəssisələri şagirdlərin buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları kampaniyalarına yekun vurulmuşdur. Bu il buraxılış imtahanları respublikanın bütün bölgələrində, qəbul imtanları isə 19 şəhər və rayonda mərkəzləşdirilmiş şəkildə keçirilmişdir.

Qəbul kampaniyası kütləvi proses olduğuna, bu prosesdə yüz minlərlə gənc iştirak etdiyinə və bundan da çox valideyn onun gedişini bilavasitə izlədiyinə görə, ənənəvi olaraq, bu prosesin təşkili və idarə olunmasına DİM-in əməkdaşlarından əlavə müxtəlif dövlət qurumlarının xeyli sayda nümayəndəsi də cəlb olunur.

İmtahanları texnoloji və təşkilati cəhətdən həyata keçirən DİM-də (9 regional bölməsi də daxil olmaqla) 150-ə yaxın əməkdaş çalışır. İmtahan prosesinin idarəolunması isə elmi və pedaqoji ictimaiyyətin nümayədələri tərəfindən həyata keçirilir. Akademiyanın yüzlərlə təcrübəli müəllimi və elmi işçisi imtahanların məzmununa aid materialların hazırlanmasında və ekspertizasında yaxından iştirak edib.

Bu işdə yaxından iştirak edən Milli Elmlər Akademiyasının əməkdaşları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Onların qəbul prosesinə həssas və peşəkar münasibəti imtahanları yüksək səviyyədə keçirməyə imkan vermişdir.

Bununla əlaqədar olaraq, Milli Elmlər Akaddemiyasının rəhbərliyi və əməkdaşlarına Dövlət İmtahan Mərkəzi adından minnətdarlığımızı bildiririk”.

 

www.science.gov.az