XƏBƏRLƏR Arxiv 954 Çap et
16.12.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutunun təşəbbüsü ilə azerbaycansehidleri.az saytı fəaliyyətə başlayıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “ŞƏHİDLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ” layihəsi əsasında azerbaycansehidleri.az saytı fəaliyyətə başlayıb. Saytın məqsədi ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi tanıtmaq, xatirələrini daim yaşatmaqdır.

Eyni zamanda Vətən müharibəsinin şəhid ailələrinə dəstək olmaq məqsədilə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu xüsusi rəşadət göstərmiş qəhrəmanların ailəsini ziyarət edir, İnstitutun təşəbbüsü ilə hazırlanmış sovqat şəhid ailələrinə təqdim edilir. Sözsüz ki, şəhid və qazi ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Ancaq buna baxmayaraq hər bir vətəndaşın da borcu onların yanında olmaqdır. Fiziologiya İnstitutu isə istər müharibə dövründə, istərsə də sonrakı dövrdə bu cəsarətli insanların, onların ailələrinin yanında daim olacaq.

Bu məqsədlə İnstitut əməkdaşları şəhidin yaxınları ilə ətraflı söhbət aparır, onların  qayğı və problemləri barədə danışır, onun həllinə çalışırlar.

Həmçinin şəhid ailələri və müharibə iştirakçılarına yardım tədbirləri çərçivəsində həm maddi təminatın yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində Fiziologiya İnstitutunun təşkilatçılığı ilə qazilərimizin müalicəsi, müayinəsi üçün maddi yardım ayrılmışdır. 2 qazinin işlə təmin olunması üçün müraciət olunmuş və məsələnin müsbət həllinə nail olunmuşdur.

Qeyd edək ki, Fiziologiya İnstitutunun əməkdaşları Prezidentin çağırışlarını  hər zaman dəstəkləyir və bu çağırışa cavab olaraq  44 günlük vətən müharibəsində Cənab Prezident tərəfindən 5 müxtəlif medalla təltif olunmuş qazi Arzuman Vəliyev müraciətinə əsasən AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda işlə təmin edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.