XƏBƏRLƏR Arxiv 1301 Çap et
17.12.2021 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun illik hesabatı dinlənilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi şurasının birgə iclası keçirilib. Tədbirdə İnstitutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, BTEB Elmi şurasının sədri, akademik İradə Hüseynova hesabatı təqdim etmək üçün sözü İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovaya verib.

Ulduz Həşimova məruzəsində cari ildə Dövlət Proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verərək, BTEB-in əsas elmi istiqamətlərində 4 problemin həlli üzrə 13 mövzuya aid 28 elmi tədqiqat işinin 43 mərhələsinin yerinə yetirildiyini bildirib. Hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 175 elmi əsərin, o cümlədən 62 məqalə və 113 məruzə tezislərininyerli və xarici elmi mətbuatda nəşr edildiyi, 9 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyi vurğulanıb. İnstitut əməkdaşlarının həm respublikada, həm də xaricdə çoxsaylı online  konfranslarda, vebinarlarda iştirak etdiyi haqda məlumat diqqətə çatdırılıb. 

İnstitutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların ən mühüm nəticələri iştirakçılara təqdim edilib və bu nəticələr üzrə yüksək impakt faktorlu jurnallara məqalələrin hazırlandığı bildirilib.

U.Həşimova qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, digər universitetlərlə elmi-pedaqoji əlaqələr davam etdirilir.

Son illərdə İnstitutun beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayan professor 2021-ci ildə 2 xarici (Rusiya, Türkiyə) və 3 yerli təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələrin imzalandığını da nəzərə çatdırıb.

Müəssisənin baş direktoru İnstitutun AMEA-nın koronavirus pandemiyasına qarşı mübarizə, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı tədbirlərində yaxından iştirak etdiyi haqda məlumat verib.

Məruzə ətrafında müzakirələrdən sonra İnstitutun 2021-ci ildə fəaliyyəti üzrə hesabatı qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.