Bu gün AMEA-nın Rəyasət Heyətində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.
İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, eləcə də partiya və Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və tanınmış ziyalıların iştirakı ilə yaradıldığını bildirib. Müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevin siyasi kursunu davam etdirən YAP-ın yaranmış bütün çətin vəziyyətlərdən məharətlə çıxa bilmək əzmini dəfələrlə nümayiş etdirdiyini bildirib. “Ölkəmizin iqtidar partiyası olan YAP öz fəaliyyəti ilə sübuta yetirdi ki, bu partiya, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə aparmağa qadir partiyadır”, - deyə S.Həsənov vurğulayıb.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov bu gün respublikamızda ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın böyük gücə çevrildiyini söyləyib. Əlavə edib ki, hazırda 800 minə yaxın üzvü olan partiyanın böyük əksəriyyəti gənclərdir. “Qarabağ zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan və Azərbaycan gəncliyi Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir”, – deyə H.Hüseynov qeyd edib.
O, akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçilməsindən sonra Akademiyada, eləcə də onun təşkilatlarında YAP ərazi təşkilatlarının yaradıldığını, partiyanın fəaliyyəti ilə bağlı işlərin genişləndirildiyini, o cümlədən, YAP Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının təsis olunduğunu diqqətə çatdırıb.
“Akademiyanın Rəyasət Heyəti aparatında və elmi müəssisələrində Yeni Azərbaycan Partiyasının ərazi təşkilatlarının təsis edilməsi Akademiya kollektivinin dövlətçilik, azərbaycançılıq naminə daha səylə çalışmasında böyük rol oynayacaq”, – deyə vurğulayan H.Hüseynov təşkilatın 1 illik fəaliyyəti dövründə Rəyasət Heyəti aparatının onlarla əməkdaşının YAP-a üzv olmaq üçün müraciət etdiyini bildirib.
O, hesabat ilində YAP Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının və AMEA Gənc Alim və Mütəxəssislər Surasının birgə təşkilatçılığı ilə may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfransın, sentyabr və oktyabr aylarında isə Qarabağ – Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” həftəsinin keçirildiyini qeyd edib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək hazırda AMEA-nın bütün institutlarında YAP ərazi təşkilatlarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevə bu istiqamətdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
B.Nəbiyev müstəqil Azərbaycanın gələcəyinin təminatçısı olan YAP-ın əvəzsiz xidmətlərindən danışıb. O, Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.
YAP Yasamal rayon təşkilatının sədri partiyanın Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının yeni əsasnaməyə uyğun olaraq hesabat iclasında təşkilata sədr və sədr müavinin seçilməsinin qərara alındığını bildirib. Əlavə edib ki, əsasnaməyə müvafiq olaraq ərazi təşkilatının Qadınlar Şurası, Gənclər Birliyi və AMEA YAP İdarə Heyəti fəaliyyətini dayandırır.
Daha sonra Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri vəzifəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov yenidən ərazi partiya təşkilatının sədri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova isə sədr müavini seçilib.
Sonda çıxış edən Hüseyn Hüseynov Yasamal rayon təşkilatı üzrə İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinə dəstəyə görə təşəkkürünü bildirib, ona göstərilən etimadı doğruldacağına inamını ifadə edib.
www.science.gov.az