XƏBƏRLƏR Arxiv 1219 Çap et
28.12.2021 / Konfranslar, iclaslar AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi illik hesabat verib

Dekabrın 27-də AMEA-nın Rəyasət Heyəti aparatının idarə və şöbələrinin 2021-ci ilin yekunlarına dair hesabat iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov tədbirdə Elmi-təşkilat idarəsi və Təhsil şöbəsinin illik hesabatlarının məruzə ediləcəyini bildirib.

Elmi-təşkilat idarəsinin illik hesabatını idarənin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov təqdim edib.

Növbəti məruzədə Təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Ələddin Məlikov şöbənin 2021-ci ilin yekunlarına dair hesabatını iclas iştirakçılarının nəzərinə çatdırıb. Ə.Məlikov qeyd edib ki, AMEA Rəyasət Heyətinin 13 aprel 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının yeni Strukturuna əsasən fəaliyyət göstərən Təhsil şöbəsinə 1 iyul 2021-ci il tarixdən 15 dekabradək 349 sənəd daxil olub. Azərbaycan Respublikası Prezident Administrasiyası və Nazirlər Kabinetindən 12, Dövlət İmtahan Mərkəzindən 15, Təhsil Nazirliyindən 5, Azərbaycan Respublikasının digər nazirlik, agentlik, komitə və təşkilatlarından 21, AMEA RH aparatının idarə və şöbələrindən 17, AMEA-nın regional elmi mərkəz və elmi bölmələrindən 33, Akademiyanın institut və digər elmi müəssisələrindən 232, respublikanın müxtəlif ali təhsil müəssisələrindən, həmçinin Rusiya Təhsil Akademiyasından 14 sənəd daxil olub, bütün sənədlərin icrası aidiyyəti üzrə təmin edilib.

Ə.Məlikov daxil olan sənədlərin icrası ilə yanaşı, şöbədə müxtəlif sərəncam, qərar və məktub layihələrinin də hazırlandığını vurğulayıb.

Daha sonra şöbənin digər işləri haqqında danışan Ə.Məlikov bildirib ki, AMEA-nın elmi müəssisələrində tədris prosesinin təşkili, bu sahədə uğurlu nəticələrin əldə olunması, AMEA-nın doktorantura və dissertanturasına, həmçinin magistraturasına qəbul prosesi, yaz və qış imtahan sessiyasına hazırlıq işləri və digər məsələlərlə bağlı mütəmadi olaraq elmi müəssisələrin Təhsil şöbələrinin müdirləri ilə görüşlər keçirilib, lazımi tədbirlərin icrası üçün tövsiyələr verilib.

2021-ci il üçün AMEA-nın elmi müəssisələri və respublikanın elm və ali təhsil müəssisələrindən alınmış sifarişlər əsasında Təhsil şöbəsinin Doktorantura sektoru tərəfindən doktorantura və dissertanturaya qəbul planının layihəsi hazırlanıbtəsdiqi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunubAzərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş qəbul planına əsasənAzərbaycan Milli Elmlər Akademiyası üzrə 2021-cil üçün doktoranturaya fəlsəfə doktoru hazırlığı üzrə 62 nəfər (53 nəfər əyani, 9 nəfər qiyabi), elmlər doktoru hazırlığı üzrə 16 nəfər (2 nəfər əyani, 14 nəfər qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13 nəfər, elmlər doktoru hazırlığı üzrə isə 57 nəfər iddiaçı qəbul olunub.

2022-ci il üçün AMEA-nın elmi müəssisələri və respublikanın elm və ali təhsil müəssisələrindən alınmış sifarişlər əsasında doktorantura və dissertanturaya qəbul planının layihəsi artıq hazırlanıb və təsdiqi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

Hesabat ilində doktorluq imtahanları ilə bağlı yaz və qış imtahan sessiyalarının keçirilməsini təmin etmək məqsədilə Təhsil şöbəsinin Doktorantura sektoru tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, AMEA-nın müvafiq elmi müəssisələrində təşkil edilmiş fəlsəfə və elmlər doktoru üzrə doktorluq imtahanlarında AMEA Rəyasəti Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşları mütəmadi olaraq müşahidəçi qismində iştirak edir, imtahan prosesinin qəbul olunmuş qərarların tələblərinə uyğun keçirilməsini təmin edir.

Hesabat ilində Doktorantura sektoru tərəfindən dissertasiya şuralarına təqdim olunması üçün doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini əks etdirən 231 sayda “Doktorluq imtahanlarının verilməsi haqqında” vəsiqələr verilib.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında fəlsəfə doktoru hazırlığı üzrə 349 nəfər (303 nəfər əyani, 46 nəfər qiyabi), elmlər doktoru hazırlığı üzrə isə 156 nəfər doktorant (39 nəfər əyani, 117 nəfər qiyabi) təhsil alır. Fəlsəfə doktoru hazırlığı üzrə dissertantların ümumi sayı 535 nəfər, elmlər doktoru hazırlığı üzrə dissertantların ümumi sayı isə 498 nəfər təşkil edir. Məruzəçinin sözlərinə görə, 2021-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə 126, elmlər doktoru hazırlığı üzrə 32 dissertasiya işi müdafiə olunub.

Qeyd olunub ki, AMEA-da elm və təhsilin inteqrasiyası əsas prioritetlərdən biridir. Çünki günümüzün dinamik qlobal iqtisadiyyatı elm, təhsil və innovasiya transferi üzərində öz yüksək inkişaf mərhələsinə çatıb. AMEA-da magistratura təhsili bu istiqamətdə mühüm rola malikdir.

Vurğulanıb ki, 2021/2022-ci tədris ili üçün Nazirlər Kabineti tərəfindən AMEA-nın magistraturasına 110 plan yeri təsdiq edilib.

Dövlət İmtahan Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli əmri ilə 2021/2022-ci tədris ilində AMEA-nın magistraturasına 15 ixtisas üzrə 108 nəfər qəbul olub və AMEA prezidentinin 30 sentyabr 2021-ci il tarixli sərəncamı ilə qəbulun nəticələri təsdiqlənib.

Diqqətə çatdırılıb ki, hazırda AMEA-nın magistraturasının I kursunda 15 ixtisas, 37 ixtisaslaşma üzrə 109 magistrant, II kursunda isə 13 ixtisas, 40 ixtisaslaşma üzrə 55 magistrant təhsil alır. Ümumilikdə AMEA-nın magistraturasında 18 ixtisas, 52 ixtisaslaşma üzrə 164 magistrant təhsilini davam etdirir.

Ə.Məlikov qeyd edib ki, 2021-ci ildə AMEA-nın magistraturasının 5-ci məzun buraxılışı baş tutub və 119 magistr məzun olub. Məzunlardan 74 nəfəri fərqlənmə, 45 nəfəri isə adi diploma layiq görülüblər.

Məruzələr dinlənildikdən sonra çıxışlar ətrafında müzakirələr aparılıb.

 

www.science.gov.az