XƏBƏRLƏR Arxiv 1297 Çap et
13.01.2022 / Yubileylər Görkəmli alim Elmira Pənahovanın 80 illik yubileyi qeyd edilib

Elmira Nurəddin qızı Pənahova Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Bakıda almışdır. Lakin valideynlərinin Moskva şəhərinə köçməsi ilə əlaqədar olaraq, orada təhsilini davam etdirmiş və orta məktəbi  əla qiymətlərlə  bitirmişdir.

Elmira Pənahova 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakultəsinə daxil olmuş və oranı 1964-cü ildə müvəffəqətiyyətlə btirmişdir. Sonra AMEA-nın Fiziologiya İnstitutunda kicik elmi işci vəzifəsində əmək fəaliyyətinə başlamış və sonralar orada elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Moskva şəhərində yerləşmiş Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutuna tədqiqatçı elmi stajor kimi ezam olunmuşdur. O, iki illik elmi ezamiyyətdən qayıtdıqdan sonra AMEA-nın Fiziologiya İnstitutunda “Fiziologiya” ixtisası üzrə aspiranturaya qəbul olunmuş və “Ada dovşanının orta beyinin retikulyar nahiyyəsində yekun ocağın yaranmasında neyron aktivliyinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2013-cü ildə isə “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofizioloji tədqiqi” mövzusunda doktorluq işi müdafiə etmiş və biologiya elmləri doktoru  eımi dərəcəsinə layiq görülmüşdür.

Elmira xanım  tibb və biologiya elm sahəsinin prioritet istiqamətlərinin əsas problemlərindən biri olan “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofiziologiyası” üzrə mövzuların nəzəri əsaslarını fundamental və praktiki  təhlil etmiş araşdırıcı və aparıcı alimlərdən biridir. Onun bu  sahədə almış olduğu elmi nəticələr Azərbaycan elminin daha da formalaşmasına xidmət etmiş, əldə olunan mühüm nəticələri isə respublika və beynəlxalq elmi konfras, seminar və simpoziumlarda müzakirə edilərək, alim və aparıcı mütəxəssislər tərəfindən qəbul olunaraq yüksək qiymətləndirilmişdir.

Onun tərəfindən ilk dəfə olaraq görmə sisteminin strukturlarına amiqdalyar kompleksin polifunksional təsirinin mövcud olunması sübut edilmişdir. Müəyyən edilmişdir ki, Alsheymer xəstəliyi zamanı amiqdala-görmə sistemi arasında tandem pozulur. Bu fikir amerika alimləri Friz və Ameral tərəfindən konfokal və elektron mikroskop vasitəsi ilə primatlar üzərində aparılmış tədqiqatlarda öz təsdiqini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, sarıkök ekstraktının tətbiqi ilə yaddaşın bərpası təmin olunur. Hal-hazırda onun rəhbərliyi altında görmə analizatorunun perseptiv-koqnitiv funksiyalarının pozulması və aqnostik sindrom ilə müşayiət olunan neyrodegenerativ xəstəliklərin patogenezinə və görmə sistemi tərəfindən nəzarət olunan məqsədyönlü hərəkət aktivliyinin icra olunmasında təsir effektlərinin tədqiqi ilə bağlı elmi işlər aparılır. Onun rəhbərliyi ilə neyrodegenerativ xəstəliklərin reabilitasiyası mövzusunda tədqiqatlar yerinə yetirilir.

Elmira xanım rus və ingilis dillərini mükəmməl bilir və  beynəlxalq elmi konfranslarda Azərbaycan elmini layiqincə təmsil edir. Son illərdə əldə etmiş olduğu böyük elmi uğurlarından biri onun rəhbərliyi ilə yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələrinin 1500 elmi iş arasından  seçilərək “SHORT” siyahısına daxil edilməsi və 2020-ci ilin dekabrında ABŞ-in Santa Klara şəhərində “Silikon valleh” də çıxış üçün seçilən 4 işdən (Azərbaycan, ABŞ, Tayvan, Rusiya) biri olmasıdır.

2016-ci ildə “Görmənin fiziologiyası” yaradıcı qrupuna  rəhbərlik etmiş, hal-hazırda “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının müdiridir. Biologiya elmləri doktoru E.N.Pənahova 180-ə yaxın elmi-tədqiqat işinin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

Geniş elmi fəaliyyəti ilə yanaşı, Elmira xanım nümunəvi ailə başcısı, qayğıkeş anadır. Cəmiyyətimiz üçün ləyaqətli və ziyalı vətəndaşlar tərbiyə etmişdir. Rəhbərlik etdiyi əməkdaşlara daim yüksək qayğı göstərir və böyük səmimiyyətlə yanaşır.

Geniş yaradıcı təfəkkürə malik olan Elmira xanım daim öz üzərində çalışır, geniş elmi yaradıcılıq və güclü elmi-tədqiqat potensiala malik olan bir alimdir.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova və bütün kollektivi adından Elmira xanımı yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi yaradıcılıqda yeni-yeni nailiyyətlər arzu edirik.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.