XƏBƏRLƏR Arxiv 1224 Çap et
18.01.2022 / Mühüm hadisələr Qanlı yanvar müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsi

Yaddaşımızda əbədi həkk olan Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları pislənmişdir. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də Azərbaycan vətəndaşları vətəni uğrunda dəyərli canlarından keçən həmyerlilərini xatırlayırlar. Dünyada hər bir azərbaycanlının “Qanlı Yanvar” faciəsini xatırlaması və həmin gün canlarından keçənlərin xatirəsini yad etməsi vacibdir və eyni zamanda həm vətəndaş, həm də insanlıq borcumuzdur.

 

 Akademik Abdulla Qarayev adına Fiziologiya

İnstitutunun Gənc Alimlər Şurasının sədri,

k.e.i.                                                                             Nərmin Bağırova