XƏBƏRLƏR Arxiv 1251 Çap et
19.01.2022 / Konfranslar, iclaslar 20 yanvar– Qəhrəmanlıq Səlnaməsinin 32-ci səhifəsi

AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan icraçı direktor, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmaqla yanaşı, xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzidir, Qarabağda çalınan Böyük Zəfərə doğru yolun başlanğıcıdır. İnstitut əməkdaşları tərəfindən 20 yanvar hadisələri ilə bağlı məqalələrin kütləvi mətbuatda dərc olunduğu bildirildi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə iştirak edən “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının müdiri, b.ü.f.d. Afiq Qazıyev, “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyasının müdiri, b.ü.f.d. Xanağa Babayev, “Hüceyrənin morfofunksioal plastikliyi” laboratoriyasının müdiri, b.e.d., prof. Fəxrəddin Əskərov, İnstitutun Gənc alimlər şurasının sədri Nərmin Bağırova çıxış edərək, 20 yanvar hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilən qəddar cinayətin arxasında duran səbəblərdən, şahidi olduqları hadisələrdən, xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindən söz açıblar.