Fiziologiya İnstitutunun araşdırmalarının nəticələri göstərir ki, Qarabağ uzunömürlülüyə görə də dünyanın nadir regionlarından biridir
Dünyanın qədim tarixə malik ərazilərindən biri hesab olunan Azərbaycan həm də uzunömürlülük diyarı kimi tanınır. Hələ sovetlər birliyi dövründə ölkəmiz uzunömürlülərin sayına görə dünyada öncül yerlərdən birini tuturdu. Araşdırmalara əsasən, ölkəmizdə ən yüksək uzunömürlülük indeksi Qarabağdadır. Yəni Qarabağ dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlülük populyasiya (əhali, çoxluq) səviyyəsində müşahidə olunur.
Təkcə bu fakt Qarabağın dünya səviyyəsində həm qədim insan məskəni, həm də uzunömürlülülər məkanı olduğunu təsdiqləmək üçün real imkanlar açır. Ancaq bunun üçün təbii ki, ortaya real faktlar, araşdırmalar qoyulmalı və beynəlxalq səviyyədə tanınması istiqamətində addımlar atılmalıdır.
Qarabağ uzunömürlülər məkanından biridir
Azərbaycan dünyanın nadir regionlardan biridir ki, burada uzunömürlülük populyasiya fenomeni kimi təmsil olunur. Hələ keçmiş sovet dövründə aparılan kompleks tədqiqatlar nəticəsində ölkəmizin ayrı-ayrı rayonlarında təbii uzunömürlülük ocaqlarının mövcudluğu aşkar edilib.
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova qəzetimizə məxsusi açıqlamasında bildirib ki, uzunömürlülük həm fərdi, həm də populyasiya səviyyəsində ola bilər. Fərdi səviyyədə qeydə alınan uzunömürlülük, yəni ayrı-ayrı fərdlərin fiziki və mental baxımdan sağlam halda 90, 100 il və daha çox yaşaması halları dunyanın bütün yerlərində qeydə alınır, özü də belə insanların sayı get-gedə artır. Bu, bütün dünya üçün ümumi qlobal tendensiyadır. Lakin dünyada çox nadir region var ki, orada uzunömürlülük populyasiya səviyyəsində müşahidə olunur, yəni həmin yerlərdə 90 və daha çox yaşı olan insanların sayı nisbətən çoxdur.
Baş direktorun sözlərinə görə, yüksəkixtisaslı mütəxəssislərdən ibarət beynəlxalq tədqiqat qrupu tərəfindən toplanmış məlumatlar əsasında müəyyən edilib ki, Qafqaz xalqları arasında ən yüksək uzunömürlülük indekslərindən biri tarixən Qarabağ ərazisində qeydə alınır.
“Ölkəmizdə ilk kompleks beynəlxalq herontoloji tədqiqatlar “Yüksək uzunömürlülük indeksi ilə fərqlənən xalqların və etnik qrupların kompleks bioloji-antropoloji və sosial-etnoqrafik tədqiqi” Sovet-Amerika beynəlxalq tədqiqat proqramı (1981-1989) çərçivəsində həyata keçirilib. Bu tədqiqatlarda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları ilə birgə SSRİ EA-nın Herontologiya İnstitutunun (hazırda Ukrayna MEA Herontologiya İnstitutu), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Antropologiya İnstitutunun, SSRİ EA-nın Etnoqrafiya İnstitutunun mütəxəssisləri də iştirak ediblər. Bu tədqiqatların nəticələri, sağlam və aktiv qocalmanın təmin edilməsində genetik və mühit faktorlarının, cəmiyyətin nikah-ailə strukturunun xüsusiyyətlərinin, həyat tərzinin, qidalanma rejiminın və digər bioloji-sosial amillərin roluna dair mövcud biliklər bazasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan yaradıb. Toplanmış məlumatlar Qafqaz xalqları arasında ən yüksək uzunömürlülük indekslərindən birinin Qarabağ ərazisində qeydə alındığını təsdiq edib”.
Alimin fikrincə, sovet alimləri 1939-1979-cu illərdə Azərbaycanda əhalinin siyahıyaalınma materiallarına əsaslanan araşdırma apararkən maraqlı faktlar ortaya çıxarmışdılar: “Əvvəl sovet alimlərinin, daha sonra isə bizim alimlərimizin apardıqları araşdırmalar göstərir ki, yüksək uzunömürlülük indekslərinə tarixən məhz Qarabağda rast gəlinib. Məsələn, sovet alimlərinin Azərbaycanda əhalinin 1939-1979-cu illərdə siyahıya alınmasının materiallarına əsaslanaraq apardıqları araşdırmaların nəticələri göstərir ki, bu dövr ərzində Şuşada və ona yaxın rayonlarda ölkə üzrə ən yüksək uzunömürlülük indeksləri qeydə alınıb. Qarabağda bir çox amilin qarşılıqlı təsiri nəticəsində yerli əhali arasında tarixən uzunömürlülük fenomeni formalaşıb və bu yerlərdə uzunömürlü şəxslərin nisbətən yüksək sıxlığı ən azı 100 ilə yaxın bir zaman kəsiyində müşahidə olunub. Bu, xüsusilə Şuşada diqqəti cəlb edir”.
Uzunömürlülüyün irsiyyətlə bağlılığına toxunan alim, deyir ki, bu populyasiya fenomeni kimi yalnız sağlam genetika, sağlam həyat tərzi, təmiz ekoloji mühit, düzgün qidalanma kimi amillərin qarşılıqlı təsiri nəticəsində orqanizmin ətraf mühitlə harmoniya təşkil etdiyi yerlərdə formalaşa bilər və bunun üçün tarixən uzun müddət tələb olunur. Deməli, bu fenomen tibbi-bioloji baxımdan böyük əhəmiyyət kəsb etməklə yanaşı, həm də xalqların yaşadığı ərazidə tarixən mövcud olmasından xəbər verir. Əlbəttə ki, qədim Azərbaycan şəhəri olan Şuşada da ekoloji təmiz mühitdə yaşayan insanlar tarixən sağlam həyat tərzi keçiriblər. Bunun nəticəsində də burada uzunömürlülük populyasiya səviyyəsində müşahidə olunub: “Ali Baş Komandan İlham Əliyev Şuşaya səfərlərinin birində belə bir ifadə işlətdi: “Şuşadan ayrılırıq, yenə də ayrılmaq istəmirik. Şuşa insanı o qədər özünə cəlb edir ki, bura gələn insan getmək istəmir. Şuşaya hələlik deyirik”. Bu ifadədə də bir hikmət var. Şuşa elə bir yerdir ki, insan orada özünü çox rahat, xoşbəxt, sağlam hiss edir. Bu da deyilənləri təsdiqləyən daha bir faktdır”.
Ulduz Həşimova bir maraqlı məqamı da açıqlayaraq bildirdi ki, Sovet-Amerikan birgə tədiqatlarının nəticələrinin əsasında 1989-cu ildə “Nauka” nəşriyyatında (Moskva) 1989-cu ildə nəşr edilmiş “Azərbaycanda uzunömürlülük” adlı kitabda yer alan geniş elmi araşdırmalarda Qafqazda uzunömürlülük məkanlarından biri kimi Şuşa və ona yaxın rayonların adları çəkilir.
“Şuşa ili”nə böyük töhfə
Ulduz Həşimova vurğulayır ki, son illər Fiziologiya İnstitutunun bu sahədə, əhalinin 2016-cı ildə siyahıya alınmasının materialları əsasında apardığı araşdırmalar da bu faktları təsdiqləyir. Həmin rəsmi statistik məlumatlar əsasında bütün inzibati rayonlar üzrə uzunömurlülük indeksləri hesablanıb və ölkə üzrə üzünömürlülüyün coğrafiyası araşdırılıb. Alınan nəticəyə görə vaxtilə Qarabağ zonasında yaşayan, sonra isə köçkün həyatı sürən insanlar arasında uzunömürlülük potensialı yüksək olaraq qalıb.
Beləliklə, bütün faktlar təsdiq edir ki, Azərbaycan, xüsusən də mədəniyyət paytaxtımız Şuşa uzunömürlülər diyarıdır. Ancaq bu reallığın beynəlxalq miqyasda tanınması, təsdiq olunması üçün ciddi işlər görmək tələb olunur. Çünki düz 30 ilə yaxın müddətdə Qarabağ işğal altında inlədi. Amma erməni vandalizmi bu torpaqların qədim Azərbaycan yurdu olduğunu təsdiqləyən faktların hamısını saxtalaşdıra bilmədi. 44 günlük Vətən savaşındakı böyük Zəfərdən sonra öz sahiblərinin əlində olan Qarabağın yeni tarixi yazılır. Bu tarix elə həkk olunmalıdır ki, heç bir saxtakarlıq ona xələl gətirə bilməsin.
Qarabağ və Şərqi Zəngəzur ərazilərinin dünyanın ən qədim tarixə malik olan məkanlarından biri və ən əsası uzunömürlü insanların kompakt yaşadığı bölgə olması da bu faktlardan biri kimi beynəlxalq səviyyədə təsdiqini tapmalıdır.
Ulduz Həşimova deyir ki, bunu sübut edəcək kifayət qədər fakt var. Amma beynəlxalq təşkilatlar, xarici mütəxəssislərlə birgə müasir praktikaya əsaslanan herontoloji tədqiqatların aparılması ilə dediklərimizi dünya miqyasında geniş şəkildə şaxələndirə bilərik: “Əlimizdə olan əvvəlki illərin materialları və yeni faktlar bu gün bizə geniş imkanlar açır. Ona görə biz bu istiqamətdəki tədqiqatları genişləndirmək təklifini irəli sürmüşük. İnstitutda herontologiya sahəsində beynəlxalq laboratoriya yaradıb xarici mütəxəssisləri dəvət etmək olar. Birlikdə işçi qrupu yaradıb araşdırmalar aparmalıyıq. Araşdırmalar zamanı həqiqətlər bir daha təsdiqini tapandan sonra Qarabağ hətta beynəlxalq miqyasda populyasiya səviyyəsində uzunömürlülərin yaşadığı məkan kimi qəbul edilən “Mavi zona” statusu da ala bilər. Bu həm Prezident İlham Əliyevin elan etdiyi “Şuşa ili”nə böyük töhfə olar, həm də Azərbaycana daha bir tarixi nailiyyət qazandıra bilər”.
İqtisadi Əməkdaşlıq Təşkilatının ali mükafatı
Hazırda professor Ulduz Həşimovanın rəhbərliyi altında Fiziologiya İnstitutunda müasir biotibb elminin qocalmanın biologiyası, ekoloji fiziologiya, immunofiziologiya, neyrobiologiya kimi prioritet istiqamətləri üzrə elmi tədqiqat işləri aparılır. 2021-ci ildə, əvvəlki illərdə olduğu kimi, institutun elmi laboratoriyalarında həm nəzəri, həm də tətbiqi cəhətdən əhəmiyyətli nəticələr əldə edilib.
Orqanizmin həyat fəaliyyətinin fizioloji və hüceyrəvi-molekulyar mexanizmlərinin öyrənilməsi üzrə aparılan tədqiqatlar yeni inkişaf mərhələsinə qədəm qoyub.
İnstitutda müasir dövrün çağırışlarına cavab verən yeni multidissiplinar elmi-təqdiqat proqramları işlənib hazırlanıb ki, bunların arasında AMEA Rəyasət Heyətinin dəstəklədiyi prioritetlər sırasında olan herontoloji tədqiqatlar xüsusilə qeyd olunmalıdır. Qocalmanın biologiyası sahəsində, xüsusilə də respublikamız üçün xarakterik olan uzunömürlülük fenomeninin fizioloji və molekulyar-genetik əsaslarının tədqiqində professor Ulduz Həşimovanın rəhbərliyi ilə əldə edilən elmi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Təkcə 2021-ci ilin noyabrında elm sahəsində əldə etdiyi nailiyyətlərə görə Ulduz Həşimovanın İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə görüşündə “Science&Technology” (Elm və Texnologiya) üzrə təsis etdiyi mükafata layiq görülməsi deyilənlərin təsdiqidir. Bu ali mükafat həm Ulduz Həşimovanın çoxşaxəli elmi fəaliyyətinə, həm də ümumilikdə inkişaf etməkdə olan Azərbaycan elminin uğurlarına verilən ən yüksək dəyərdir.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”