Dəniz süngərləri suda olan qida maddələrini filtrasiya etməklə qidalanır. Bu halda onlar müxtəlif üzvi maddələr gətirən su axınlarından asılıdır. Lakin bir neçə il əvvəl Şimal Buzlu okeanının 700-1000 metr dərinliyində nəhəng süngər koloniyası tapılıb. Onların necə yaşadığı aydın deyildi; orada qida gətirən su axını yoxdur. Daha sonra məlum olub ki, bu süngərlər həm də dərinliyə doğru sürünür.
Maks Plank Cəmiyyətinin Dənizin Mikrobiologiyası İnstitutunun əməkdaşları digər elmi mərkəzlərdən olan həmkarları ilə birlikdə dərin sularda süngərlərin qidalanmasına və sürünmə səbəbinə dair tədqiqat aparıblar. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
Tədqiqatçıların fikrincə, süngərlər qida maddələrini ətraf sulardan deyil, dənizin dibindən əldə edir. Süngər koloniyaları molyusk çanaqlarından yaranmış, müxtəlif dəniz soxulcanlarının özləri üçün yaratdığı kalsium-karbonat borucuqlarının daşlaşmış qalıqları üstündə oturur. Əgər süngər toxumalarında, ətraf sularda və dənizin dibindəki karbon və azotun izotop tərkibi müqayisə edilərsə, onların çöküntülərlə qidalanıb-qidalanmadığını öyrənmək olar. Araşdırmalar zamanı məlum olub ki, qidalanırlar. Onlar həmin daşlaşmış çöküntüləri “gəmirə bilmir”, lakin onlarda bərk və ölü üzvi maddəni əridə bilən fermentə malik mikroblar yaşayır. Ona görə də süngərlər onu canına çəkə bilir. Qidalı çöküntü təbəqəsi bir neçə santimetrdən (bəzi yerlərdə 15 santimetr) ibarətdir. Bu, süngərin yaşaması üçün lazım olandan orta hesabla beş dəfə çoxdur. Beləliklə, süngər sadəcə yaşamır, həmçinin 15 kvadratkilometr sahəni əhatə edir və çoxalır. Buna baxmayaraq, onlar bir yerdən digərinə sürünərək daha çox qida olan yer axtarırlar.
Tədqiqatçılar koloniyanın yaşını təyin etməyə çalışarkən məlum olub ki, yaşlı süngərlərin çoxunun yaşı 300-dən yuxarıdır. Onların qidaları isə daha yaşlıdır: üstündə oturduqları ölü üzvi təbəqənin yaşı 2-3 min il hesablanır. Süngərlər çoxdan sönmüş vulkan yamaclarında böyüyür və onların qidası yerli sularda vulkanik aktivlik nəticəsində qida maddələrinin daha çox olduğu əlverişli zamanlarda yaşamış orqanizmlərin qalıqlarından ibarətdir.