XƏBƏRLƏR Arxiv 1186 Çap et
11.02.2022 / Maraqlı məlumatlar Yerə yaxın ulduzun ətrafında daha bir planet dövr edə bilər

Planetoloqlar Proksima Sentavranın ətrafında iki deyil, eyni vaxtda üç planetin dövr etməsinə dair ilk sübut tapıblar. Onlardan biri qeyri-adi dərəcədə kiçikdir və ulduza çox yaxın yerləşib. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” elmi jurnalında dərc edilib.

Tədqiqatın müəlliflərindən biri, Portu Universitetinin (Portuqaliya) elmi işçisi Joan Fariyanın sözlərinə görə, bu kəşf Günəşin ən yaxın qonşusunun daha çox sayda maraqlı dünyalarla əhatə olunduğunu göstərir. Bunları ən müxtəlif elmi cihazların köməyilə öyrənmək olar.

Beş il əvvəl Avropa astronomları Günəşə ən yaxın ulduzun - Proksima Sentavranın yaxınlığında Yerə bənzər kiçik planet olduğunu aşkar etdiklərini bildirib, onu Proksima b adlandırıblar. Bu yaxınlarda alimlər onun mövcudluğunu təsdiqləyiblər.

Sonra alimlər müəyyən ediblər ki, Proksima b-nin ətrafında daha bir planet dövr edir - Proksima c. O, ulduza çox yaxın məsafədə yerləşir və qaz nəhəngi kimidir.

J.Fariya və onun həmkarları Proksima Sentavranın ətrafında azı daha bir planetin - Proksima d-nin dövr etməsinə dair ilk sübut əldə ediblər. O, ölçüsünə görə Marsın böyüdülmüş surətini xatırladır: Proksima d Yerdən təqribən dörd dəfə yüngüldür, ulduzdan isə təqribən 4,3 milyon kilometr məsafədədir.

Planetin işıqlanan tərəfində temperatur bir neçə yüz dərəcə (Selsi) olur ki, bu da onu müasir Veneraya bənzədir. Alimlər hesab edirlər ki, belə şəraitdə Proksima d-nin səthində maye suyun və Yer həyatı analoqunun olması ehtimalı çox azdır.

Digər iki planet sistemi kimi Proksima d planeti də Avropa Cənub Rəsədxanasının yerüstü teleskoplarının köməyilə kəşf edilib. Bu halda alimlər şüa sürətləri metodundan istifadə ediblər. Proksima Sentavranın ətrafında Marsın analoqunun aşkarlanması göstərir ki, bu metodu hətta ən kiçik planetlərin axtarışı üçün tətbiq etmək olar.

AzərTac