XƏBƏRLƏR Arxiv 1113 Çap et
21.02.2022 / Maraqlı məlumatlar Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. UNESCO-nun baş konfransı tərəfindən üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.

BMT-nin saytında vurğulanır ki, builki Beynəlxalq Ana Dili Günü “Çoxdilli öyrənmədə texnologiya: problemlər və imkanlar” mövzusuna həsr edilib. Bu mövzu altında çoxdilli təhsilin təşviqində və hamı üçün keyfiyyətli tədris və öyrənmənin inkişafına dəstəkdə texnologiyanın potensial rolu müzakirə olunacaq. UNESCO davamlı cəmiyyətlərin inkişafı üçün mədəni və linqvistik müxtəlifliyin qorunmasının vacibliyini qəbul edir. Sülh naminə mandatının bir hissəsi olaraq UNESCO tolerantlığı və başqalarına hörməti təşviq edən mədəni və dil fərqlərini qorumağa çalışır.

Dillər və çoxdillilik inklüziv yanaşmanı təmin etmək üçün vacib vasitədir. Ana dilinin öyrənilməsi və öyrədilməsi erkən yaşlardan başlamalıdır, çünki erkən uşaqlıqdan qayğı və tərbiyə təhsilin əsasını təşkil edir. Dayanıqlı İnkişaf Məqsədləri heç kimi geridə qoymamaq məqsədi daşıyır.

COVID-19 pandemiyası kontekstində təhsil sektorunun uğurlu bərpası təhsildə çoxdilliliyi və inklüziv yanaşmanı təmin etmək üçün bütün səviyyələrdə səylərin artırılmasını tələb edir. Bu çağırış, ilk növbədə, siyasətçilərə, pedaqoqlara, müəllimlərə və valideynlərə ünvanlanıb. Bu məqsədlər həm də çoxdilliliyi yerli xalqların inkişafının mərkəzinə qoyan Birləşmiş Millətlər Təşkilatının Yerli Dillərin Beynəlxalq Onilliyinin (2022-2032) hədəfləri ilə səsləşir.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Qeyd edək ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz altmışdan çox saytın dili ilə bağlı monitorinq aparıb və nəticələrin əks olunduğu hesabatı kit