Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası” laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Elmira Nurəddin qızı Pənahova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fəmanı ilə təltif edilib.
Elmira Nurətdinovna Pənahova 13 yanvar 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsini bitirmiş və həmin ilin dekabr ayından Azərbaycan EA-nın Fiziologiya sektorunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1965-1966-cı illərdə SSRİ EA-nın Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutunda stajor-tədqiqatçı kimi çalışıqdan sonra Azərbaycan EA-nın Fiziologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.
E.N.Pənahova 1971-ci ildə SSRİ EA-nın Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutunda “İnsan və heyvan fiziologiyası” ixtisasl üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Ada dovşanının orta beyinin retikulyar nahiyyəsində yekun ocağın yaranmasında neyron aktivliyinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2013-cü ildə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “Görmə persepsiyasının sentrifuqal tənzimlənməsinin neyrofizioloji tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1985-ci ildə baş elmi işçi elmi adına layiq görülmüşdür.
Elmira xanımın 60 ilə yaxın əmək fəaliyyəti Fiziologiya İnstitutu ilə bağlı olmuşdur: 1970-1975-ci illərdə elmi işçi, 1975-2010-cu illərdə böyük elmi işçi, 2010-cu ildən aparıcı elmi işçi vəzifələrində çalışan alim 2016-cı ildən qrup rəhbəri və bugün artıq laboratoriya müdiri kimi aktiv fəaliyyət göstərir.
E.N.Pənahovanın Fiziologiya İnstitutunda apardığı çoxillik tədqiqatlar görmə-amiqdalyar - görmə-hipotalamik strukturlararası qarşılıqlı münasibətlərinin və onlarda pozulmaların neyrodgenerasiyada təzahürün öyrənilməsinə həsr edilmişdir. 2016-cı ildən “Görmənin fiziologiyası” yaradıcı qrupuna rəhbərlik etdiyi dövrdən Alsheimer xəstəliyinin eksperimental modelində zəfəran və sarıkökün protektiv rolunun öyrənilməsi üzrə fundamental və praktiki əhəmiyyətli tədqiqatlar aparır.
E.N.Pənahova 190-dan çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir. Görmənin fundamental və tətbiqi problemləri üzrə çoxsaylı beynəlxalq elmi forumların iştirakçısı olmuşdur. Parisdə, Moskvada, Sankt-Peterburqda, Rostovda, Minskdə elmi məruzələrlə çıxış etmişdir. 2020-ci ildə ABŞ-ın Silikon Vadisində (Santa Klara, Kaliforniya) onlayn formatda Alsheimer xəstəliyinin öyrənilməsi üzrə konfransda məruzə ilə çıxış etmişdir. Görmə analizatorunun elektrofiziologiyası, yaddaş və davranışın neyrofiziologiyası sahəsində tanınmış mütəxəssisdir. 2018-2020-ci illərdə Azərbaycan-Belarus dövlətlərarası elmi-tədqiqat layihəsinin həmrəhbəri olmuşdur.
Bu günlərdə Elmira Pənahova 80 illik yubilieyi ilə bağlı, biologiya sahəsində uzunmüddətli səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin FƏXRİ FƏRMANI ilə təltif edilmişdir.
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova və bütün kollektivi tanınmış alimi bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, elmi yaradıcılıqda yeni-yeni nailiyyətlər arzu edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.