14-15 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə "Azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpası yolları " adlı Respublika elmi konfransı keçirilmişdir.
Konfransın Təşkilat Komitəsinin üzvü AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru,biologiya elmləri doktoru, professor Ulduz Həşimova plenar məruzəçi ilə iştirak etmişdir. B.e.d., profesor Ulduz Həşimova " Azərbaycanda herontoloji tədqiqatlar: müasir vəziyyəti və inkişaf perspektivləri"mövzusunda plenar məruzə ilə çıxış etmiş və məruzə konfrans iştirakçıları tərəfindən böyuk maraqla dinlənilmişdir. Məruzəçi öz çıxışında populyasiya fenomeni kimi Azərbaycanda ən yüksək uzunömürlük indeksinin və fərdi uzunömürlük rekordunun Qarabağda müşahidə olunduğunu, bu nəticənin ilk dəfə Sovet dövründə beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılmış tədqiqatlarda qeydə alındığını, daha sonra İnstitut tərəfindən son illər həyata keçirilən xüsusi herontoloji proqram çərçivəsində aparılmış araşdırmalarda təsdiq edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Qarabağ regionunda ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi əsaslı monitorinqi, azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə elmi tədqiqatların aktuallığı şübhəsizdir. Müvafiq fəaliyyətlərlə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi, əldə edilmiş ilkin nəticələrin elmi ictimaiyyətə çatdırılması üçün bu sahədə çalışan alim və mütəxəsisslərin vahid virtual məkanda toplanmasına ehtiyac böyükdür. Bu baxımdan «Azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpası yolları» Respublika elmi konfransı bu yolda mühüm addımlardan biridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.