Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının müdiri, biologiya elmləri doktoru Fəxrəddin Əsgərovun 85 illik yubileyinə həsr olunan tədbir keçirildi.
Fəxrəddin Əsgərov Bəhmən oğlu, 30 iyun 1937-ci ildə Gəncə Şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun baytarlıq fakultəsini bitirib və “Baytar həkimi” ixtisasını alıb.
1959-1961-ci illərdə Göyçay rayonunun “Bolqarıstan” kolxozunda Qızıl-Ağac baytarlıq məntəqəsində baytar həkimi işləyib. 1961-1962-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda əvvəl baş laborant, sonra isə kiçik elmi işçi fəaliyyət göstərib. Respublikada iri buynuzlu heyvanlar arasında paratuberkulyoz xəstəliyinin olmasını sübut edib.1962-1965-ci illərdə Azərbaycan EA-nın əyani aspirantı olub. Aspsiranturanı qurtardıqdan sonra əvvəlcə kiçik elmi işçi, 1969-cu ildə müsabiqə əsasında baş elmi işçi vəzifəsinə keçib, 1962-1965-ci illərdə AMEA-nın “Fiziologiya” ixtisası üzrə əyani aspirantı olub. 1966-cı ildə Elmlər Akademiyasının elmi şurasında «Показатели белкового обмена у овец при применении некоторых физиологических активных веществ” adlı dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi adını alıb.
1974-cü ildən bu günə kimi “Funksional sitokimya” (2016-cı ildən “Hüceyrənin morfofunksional plastikliyi”) laboratoriyasının rəhbəridir.
1971-1973 cü illərdə (akademik Həsənovun təşəbüsü ilə) SSRİ Elmlər Akademiyasının və Tibb Elmləri Akademiyasının 6 elmi tədqiqat İnstitutuna ezam olunub və müassir morfositokimyəvi metodları mənimsəyib.
1991-ci ildə Ukrayna Elmlər Akademiyasının A.A.Boqomolets adına Fiziologiya İnstitutunda “Qida və su motivasiyası zamanı hippotlamus nüvələrində adaptiv kompensator reaksiyaların morfokimyəvi dəyişikliklərinin qanunauyğunluqları” mövzusunda, “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmiş və biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Nəzəri cəhətdən ilk dəfə olaraq, Mərkəzi sinir sistemində adaptiv kompensator proseslərin iki mərhələdə getməsi haqqında elmi konsepsiya irəli sürüb. Uzun illər professor F.B.Əsgərovun rəhbərlik etdiyi laboratoriyada MSS-də hüceyrə və subhüceyrə səviyyəsində aparılıb və tədqiqatların nəticələri göstərib ki, MSS-də təkamüldə “adaptasiyanın struktur izi” adlı neyrohumoral proqram yazılır. Ekstremal şəraitdə orqanizm təkamüldə yaranmış yaddaş izlərindən istifadə edir. Yani, adaptasiyanın struktur izləri dəyişilmiş mühitdə yaşamaq uğrunda “özünüqoruma” mexanizmini işə salır. Hər iki mexanizm oraznizmin filogenetik inkişafı nəticəsində formalaşıb.
Bundan sonra laboratoriyada 1991-2000-ci illərdə “Qida motivasiyası zamanı bioenergetik və plastik proseslərin xüsusiyyətləri” mövzusu ətrafında işlər aparılıb. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, tədqiq olunan beyin törəmələrinin neyronlarında enerji və plastik maddələrə olan tələbat fərqlidir. 2000-2005-ci illərin tədqiqatları göstərdi ki, qidada zülal çatışmamazlığı beynin möhkəmləndirici sistemində refleks qövsünün yaranması prosesini pozur. Onuda nəzərə almaq lazımdır ki, motivasiyon, emosional və şərti reflektor reaksiyaların struktur əsasını təşkil edən qabıq neyronların (3-4 qat) səviyyəsində yaranan müvəqqəti əlaqələrin əsasında neyronların reaktivliyi mediatorla, plastikliyi isə suda həll olan zülallarla tənzimlənir. 2005-2010-cu illərin tədqiqatları qöstərdi ki, yağda həll olan vitaminlərsiz qida almış heyvanlarda müsbət emosional vəziyyət yaranır. Yuva instinkti və qorxu hissi zəifləyir. Şərti reflektor fəaliyyət güclənir.
2005-2010-cu illərdə professor F.B.Əsgərovun rəhbəlik etdiyi laboratoriyada aparılan tədqiqatlar göstərdi ki, suda həll olunan vitaminlərsiz qida almış heyvanlarda mənfi emosional vəziyyət yaranır, yuva instinkti, qorxu hissi güclənir, şərti reflektor fəaliyyətin müddəti qısalır.
2016-2020-ci illərdə laboratoriya “Qidanın zülal tərkibinin dəyişməsi fonunda morfofunksional plastikliyi” mövzusunda tədqiqatlar aparılıb.
Əskərov F.B. eyni zamanda Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzində 1994-cü ildən 2006-cı ilə kimi “Morfologiya və elektromikroskopiya” şöbəsinin müdiri kimi tibb sahəsində 50-dən çox alimin tədqiqat işlərinin aparılmasında yaxından iştirak edib.
Professor F.B.Əsgərov elmi fəaliyyəti dövründə yerli və xarici mətbuatda 360 elmi iş dərc edib, onlardan 5-i monoqrafiya şəklində dərc olunub. Əsgərov F.B. xarici ölkələrdə (İran, Türkiyyə, Rusiya, Latviya, Estoniya) 28 konfrans, simpozium, konqresdə məruzə ilə çıxış edib. Onun rəhbərliyi ilə “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə 17 nəfər biologiya üzrə fəlsəfə doktoru, 4 nəfər biologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
60-ildən çox fiziologiya elminin inkişafı sahəsində çalışan, böyük nailiyyətlər əldə etmiş qocaman alim Fəxrəddin Əsgərovu 85 illik yubileyi münbasibətilə AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun kollektivi adından təbrik edir, Ona uzun ömür, can sağlığı arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.