XƏBƏRLƏR Arxiv 965 Çap et
21.09.2022 / Yubileylər Görkəmli alim Nüşabə Rəhimovanın 70 illik yubileyi qeyd edilib

Rəhimova Nüşabə Qəşəm qızı 1952-ci ildə  sentyabrın 10-u  Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra, 1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin “Biologiya” fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin universiteti bioloq, biologiya və kimya müəllimi ixtisasları üzrə bitirmişdir. Həmin ildən  A.İ.Qarayev adına  Fiziologiya İnstitutunun “Ekoloji  fiziologiya” laboratoriyasında baş laborant vəzifəsində fəaliyyətə başlamışdır. 1976-1977-ci və 1978-1979-cu illərdə Leninqrad şəhərində (hal-hazirda Sankt-Peterburq) SSRİ EA-nın İ.M. Secenov adına Təkamül Fiziologiyası və Biokimya İnstitutunun “MSS-nin müqaisəli fiziologiya” laboratoriyasında stajor-tədqiqatçı  kimi ixtisas artırmışdır və 1980 - 1983-cü illərdə həmin institutun  aspiranturasında təhsil almışdır. 1985-ci ildə “Qurbağanın qoxu soğanaqlarının  sentrifuqal innervasiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiyə etmiş və elə həmin il SSSR-in AAK-ın qərari ilə ”İnsan və heyvan fiziologiyası” ixtisası üzrə biologiya üzrə elmlər namizədi dərəcəsini almışdır. 1984-1988-ci illərdə A.İ.Qarayev adına Fiziologiya İnstitutun “Ekoloji fiziologiya” laboratoriyasında kicik elmi işci, 1988-1990-cı  illərdə elmi işçi, 1990-1999-cu illərdə isə böyük elmi işçi vəzifələrində calışmışdır. 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə “Dosent” (Baş elmi işçi) adına layıq görülmüşdür. 2007-2009-cu illərdə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasında böyük elmi işçi, 2010-cu dən başlayaraq aparıcı elmi işçi vəzifəsində çalışır.                                                                    

N.Q.Rəhimova ibtidai onurğalıların MSS-nin hodoloji və neyrokimyəvi təşkilinin öyrənilməsi üzrə mütəxəssisdir. O, nərə balığının MSS-nin xolinergik və monoaminergik xəritələşdirilməsini həyata keçirmişdir. Hal-hazırda Rəhimova balıqların sağlamlıq vəziyyətinin və Xəzər dənizinin sahil zonasının ekoloji vəziyyətinin qiymətləndirilməsi ilə məşğuldur. Həmçinin müxtəlif təbiətli çirkləndiricilərin balıqlara təsirinin toksikoloji tədqiqatlarını aparır. N.Q.Rəhimova BP kampaniyası tərəfindən təşkil olunmuş Sanqaçal körfəzinin monitorinqində iştirak etmişdir. O, Azərbaycanın Ekologiya Nazirliyinin və AMEA-nın birgə apardığı Azərbaycanın işğaldan azad edilmiş hissəsi olan Oxçuçayın ekoloji vəziyyətinin monitorinqində iştirak edir. N.Q.Rəhimova 2015-ci ildə AMEA-nın 70 illik yübileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir. AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnsrtitutun Dissertasiya şurasının üzvüdür. Rəhimova BP-nin ekologiya üzrə ekspert komitəsinin üzvüdür. Eyni zamanda Rəhimova AQAFKS –da müəllimlik fəaliyyəti ilə məşgul olmuşdur və “İdman fiziologiyası” fənni üzrə dərslik və proqramların müəllifidir. Onun 100-dən artıq elmi əsərləri nəşr edilmişdir və elmi tədqiqatlarının nəticələri beynəlxalq konqres və konfranslarda təqdim olunmuşdur. 

N.Q.Rəhimova artıq 48 ildir ki, Fiziologiya institutunun “Ekotoksikologiya” laboratoriyasında çalışır. İşlədiyi müddət ərzində həmişə gənc tədqiqatçılara yeni biliklərin mənimsəməsində, laborator işlərə aid bacarıqlara yiyələnmələrində müəllim və məsləhətçi olub. Öz yaradıcı fəaliyyəti və əməksevərliyi ilə, həmçinin mehriban və gülərüz təbiəti ilə kollektivin rəğbətini və sevgisini qazanmışdır.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova və bütün kollektivi adından Nüşabə xanımı bu yubiley münasibətilə səmimi qəlbdən təbrik edir və ona can sağlığı, gələcək elmi fəaliyyətində uğurlar və yeni nailiyyətlər əldə etməyi arzu edirik!

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.