XƏBƏRLƏR Arxiv 1066 Çap et
03.10.2022 / Maraqlı məlumatlar Ulduz Həşimova: Tədqiq etdiyimiz 86% uzunömürlülülərdə ailə fonu əsas rol oynayır – İntervyu

Bu gün bütün dünya 1990-cı ildə BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Beynəlxalq Ahıllar Gününü qeyd edir. Oktyabrın 1-i yaşı 60-dan 90-a qədər və daha çox olan bütün insanların bayramıdır. Tarixin qeyd edilməsində məqsəd yaşlıların problemlərinə, bütövlükdə cəmiyyətin demoqrafik qocalmasına, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılması məsələsinə diqqəti cəlb etməkdir.

Beynəlxalq Ahıllar Gününün əsas məqsədi digər dövlətlərin diqqətini ahıl insanlara cəlb edərək, bütün yaş qrupları üçün rahat cəmiyyət yaratmaq, onlara daha firavan, rəngarəng və dolğun, məmnunluq və sevinc gətirəcək həyat təmin etməkdir. Məhz bu məqsədlər BMT-nin 2002-ci ildə qəbul edilmiş Qocalıq üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının yeni variantında öz əksini tapmışdır.

Bu hadisədən təxminən on il sonra ölkəmiz də bu mühüm təşəbbüsə qoşularaq, ahıl insanların həyatında fəal iştirak etməklə, onların həyat keyfiyyətini və maddi vəziyyətini yaxşılaşdırmağı öhdəliyinə götürmüşdür. Azərbaycan nisbətən gənc ölkədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, burada yaşlı nəsil ümumi əhalinin təxminən 7 faizini, yəni 600 min nəfərə yaxın insan təşkil edir. Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Kaspiy” qəzetində müsahibəsində bu və bir çox digər məsələlərdən söhbət açmışdır.

Populyasiya Fenomeni

- Uzun illər ərzində institutunuzun əsas elmi istiqamətlərindən biri  uzunömürlülüyün populyasiya fenomeni kimi öyrənilməsi olub. Bu yenə də bir prioritet olaraq qalırmı?

Əlbəttə ki, bizim təklifimizlə 2015-ci ildən başlayaraq, bu yalnız bizim institutun deyil, bütün Azərbaycan elminin prioriteti olub. Biz AMEA-nın o vaxtkı rəhbərinə təklif etmişdik ki, bu məsələ üç əsas məqama əsaslanaraq  prioritet kimi qəbul olunsun. İlk olaraq, problemin özünün aktuallığı (müasir dünya əhalisi qocalmasına görə demoqrafik transformasiyadan keçir). Buna səbəb iki əsas tendensiyanı göstərmək olar - bir tərəfdən dünyanın aparıcı ölkələrində yaşlı nəslin artımı çoxalır, digər tərəfdən isə doğum nisbəti azalır.

Qeyd olunmalıdır ki, ölkəmiz herontoloji tədqiqatlar üçün unikal resurslara malikdir: bu baxımdan dünyanın nadir regionlarından biri olan Azərbaycan uzunömürlülüyün populyasiya fenomeni olduğu beynəlxalq ekspertlər tərəfindən tanınır. Bu termin daha çox Qərb elmi ədəbiyyatı üçün xarakterikdir.

 Uzunömürlülükdə lider olan Qarabağ

 - Herontoloqlarınızın nəticələrinə görə, uzun illər ərzində ən çox uzunömürlülər (90+ yaş) yaşadığı ərazi ölkənin cənub bölgəsi olub. Bu göstəriciyə əsasən yenə bu bölgə liderlər arasındadır, yoxsa son onilliklər bu aspektlə bağlı bəzi düzəlişlər var?

- Məsələ bundadır ki, ölkəmizin ərazisində bu tədqiqatlar hələ sovet dövründən başlayaraq bir neçə rayonda aparılıb. Bunlara Qarabağ, Qazax və Lənkəran rayonları aid idi. Sonuncu rayon ənənəvi olaraq uzun müddətdir uzunömürlülük zonası hesab olunurdu, lakin 2016-cı ildə aparılmış tədqiqatların nəticələrinə əsasən uzunömürlülük xəritəsi yaradıldıqda (rəsmi statistikaya əsasən) Qarabağın öndə olduğu ortaya çıxdı.

 - Bəs siz Azərbaycanda yaşayan uzunömürlülərlə digərləri arasında nə fərq görürsünüz?

 - Əgər uzunömürlülüyü populyasiya fenomeni kimi qəbul etsək (tədqiqatlarımızın əsas fokusu budur), onda fərqlər məhz bu fenomenin formalaşma mexanizmləri ilə bağlıdır. Məsələn, Azərbaycan əhalisi üçün genetik faktorun xüsusi çəkisi var, belə ki, tədqiqatımızın 86%-ni təşkil edən uzunömürlülərdə ailə fonu əsas rol oynayır.

Ukraynalı həmkarlarımızın tədqiqatları göstərmişdir ki, yaşla bağlı patologiyaların formalaşmasında özünəməxsusluq özünü büruzə verir. Belə ki, uzunömürlülük indeksi yüksək olan iki Qafqaz populyasiyasını - azərbaycanlı və abxazı müqayisə etsək, görərik ki, ukraynalı nevropatoloqlarınınn fikrinə əsasən, Azərbaycan əhalisidə uzunömürlülüyü dəstəkləyən əsas funksional sistem ürək-damar sistemi olduğu halda, abxazlarda bu  mərkəzi sinir sistemidir.

 Herontologiya - akademik prioritetdir

 - Bu günlərdə Sankt-Peterburqda Ümumdünya Ürək-Damar və Torakal Cərrahlar Cəmiyyətinin XXX Konqresi və XI Beynəlxalq “Müasir Ürək-Torakal Cərrahiyyədə Aktual Yanaşmalar” Konqresi keçirildi və Sizdə orada məruzəçi kimi iştirak etdiniz. Bu məruzənin ölkəmizlə bağlı olan aspektlərini qısaca dinləmək olardımı?

 - Mənim məruzəm yaşlanma və yaşla bağlı ürək-damar patologiyasının potensial biomarkerləri kimi melatonin və sirtuinlərə həsr edilmişdir və  molekulyar təbabətə, onun kardiotorakal patologiyada yeri və roluna həsr olunmuş Konqresin xüsusi sessiyasında dinlənilmişdi. Çıxış zamanı institutumuzun Azərbaycanda əhalinin uzunömürlülüyü fenomeninin tədqiqinə dair beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya İnstitutunun Sankt-Peterburq Molekulyar Tibb Mərkəzi ilə birgə həyata keçirdiyi beynəlxalq akademik layihənin nəticələri təqdim edildi.

 Məruzədə ilk dəfə olaraq Lənkəranda həyata keçirilən layihənin nəticələrini təqdim etdim. Birinci dərəcəli qohumluq nümayəndələrinə aid qocalmanın molekulyar markerləri haqqında unikal məlumatlar əldə etdik. Təəssüf ki, regiondakı pandemiya və siyasi qeyri-sabitlik layihənin həyata keçirilməsində problemlər yaradır, belə ki, layihədə xarici əməkdaşlarımız da iştirak edir. Buna baxmayaraq biz, 2020-ci ilin əvvəlində ilk ekspedisiyamızı keçirə bildik, uzunömürlülərin ailələri haqqında məlumat əldə etdik və Sankt-Peterburqdakı Molekulyar Təbabət Mərkəzində onların laborator analizlərini apardıq. Əldə edilən məlumatlar olduqca böyük elmi maraq doğurur.