XƏBƏRLƏR Arxiv 950 Çap et
20.10.2022 / Yubileylər GÖRKƏMLİ FİZİOLOQ ALİM - 90 Akademik HÜSEYN HEYDƏR oğlu HƏSƏNOV (1932-2022)

Azərbaycan fiziologiya məktəbinin görkəmli nümayəndəsi akademik Hüseyn Həsənov 1932-ci ildə İrəvan şəhərində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirdikdən sonra onun bütün həyat və yaradıcılığı A.İ.Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olub. Azərbaycan fiziologiya məktəbinin banisi Abdulla Qarayevin davamçısı olan akademik Hüseyn Həsənov onun yaratdığı və hazırda adını daşıyan Fiziologiya institutuna uzun illər boyu (1969-1995) rəhbərlik etmiş, müəlliminin başladığı daxili analizator sisteminin maddələr mübadiləsinin tənzimində rolunun öyrənilməsi kimi klassik fizioloji tədqiqatları davam etdirməklə yanaşı, neyrofiziologiya, neyrokimya sahələrininin inkişafında fizioloq-alim və elm təşkilatçısı kimi uğurlar qazanmışdır.  

1968-ci ilin sonunda Abdulla Qarayevin vaxtsız vəfatından sonra gənc elmlər doktoru Hüseyn Heydər oğlu Həsənov Fiziologiya institutuna rəhbərlik etməyə başladı. Onun rəhbərliyi dövründə əsası akademik Abdulla Qarayev tərəfindən qoyulmuş orqanizmin vegetativ funksiyaları və daxili mühitin mərkəzi sinir sistemi tərəfindən tənzim edilmə mexanizmlərinin araşdırılması sahəsində kompleks tədqiqat işləri aparılmışdır. Eyni zamanda İnstitut kollektivinin diqqəti fiziologiyanın fundamental problemlərinin tədqiqinə - analizator funksiyaların təkamülü, mürəkkəb davranış formalarının, fizioloji və biokimyəvi əlaqələrin araşdırılmasına yönəldilmişdi. Akademik H.H. Həsənovun rəhbərliyi altında aparılan işlər, qida emosiya və motivasiyasında iştirak edən limbik sistemin sinir və neyrokimyəvi mexanizmləri haqqında yeni elmi mülahizələrin yürüdülməsinə imkan verdi. Bu illər ərzində Fiziologiya İnstitutu keçmiş SSRİ EA tərəfindən tərtib edilmiş fundamental problemlərə aid «Beyin» və «Homeostaz» tədqiqat proqramlarında təmsil edilmişdi.

Akademik H.H.Həsənovun elmi tədqiqatlarının əsas istiqamətini emosiya-motivasiya davranışının və yaddaşın struktur-funksional təşkilinin, neyrofizioloji və neyrokimyəvi mexanizmlərinin öyrənilməsi olmuşdur. Bu istiqamətdə onun rəhbərliyi altında aparılan tədqiqatların eksperimental nəticələri dəfələrlə sovet elminin mühüm nailiyyətləri kimi SSRİ EA-nın illik hesabatlarına daxil edilmişdir.

Akademik H.H.Həsənov tükənməz yaradıcılıq enerjisinə, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan şəxs idi. O, respublika üçün yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermişdir. Belə ki, keçmiş İttifaqın respublikaları ilə, eləcə də “İnterbeyin” proqramı çərçivəsində Rusiya, Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, Amerika, İngiltərə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə əlaqələr yaratmış, gənc mütəxəssislərin qabaqcıl elmi-tədqiqat mərkəzlərində təcrübə mübadilsəi üçün şərait yartmışdır.

Akademik H.H.Həsənovun rəhbərliyi dövründə Fiziologiya institutunun fəal iştirakı ilə АМЕА-da bir sıra beynəlxalq əhəmiyyətli simpozium və konfranslar keçirilmişdir. Bunlardan “Baş beynin uyğunlaşma funksiyaları” üzrə Ümumittifaq simpoziumu (1980), “İnterbeyin” proqramı çərçivəsində “Axtarış aktivliyi, motivasiya və yuxu” beynəlxalq simpoziumu (1981), İ.P.Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyətinin XIV qurultayı (1983), Zaqafqaziya gənc fizioloqlarının I, IV konfransları (1990, 1992) və digərlərini qeyd etmək olar.

Akademik H.H.Həsənov 300-dən artıq elmi əsərin, 5 monoqrafiyanın, “Mərkəzi sinir sisteminin fiziologiyası” adlı dərsliyin müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər doktoru və 40-dan artıq namizədlik dissertasiyaları müdafiə edilmişdir.

Akademik H.H.Həsənov Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətində elmi kadrların hazırlanması üzrə şuranın sədri, K.M.Bıkov adına mükafatın ekspert komissiyasının üzvü, “Ali sinir fəaliyyəti” və “Fizioloji jurnal” jurnallarının (Rusiya) və Azərbaycan Ensiklopediyasının redaksiya heyətlərinin üzvü olmuşdur. Respublika fizioloqlarının görkəmli nümayəndəsi kimi o, 1978-ci ildən ömrünün sonuna kimi Azərbaycanı YUNESKO-nun “Beyin tədqiqatları üzrə beynəlxalq təşkilat”ında təmsil etmişdir,  1989-cu ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik H.H.Həsənovun elmi nailiyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir; 1972-ci ildə o, elm və texnika sahəsində Respublikanın “Dövlət Mükafatı” laureatı adına layiq görülmüş, 1991-ci ildə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilmiş və bir sıra digər mükafatlarla təltif edilmişdir.  

Akademik H.H.Həsənov 18 iyul 1995-ci ildə vəfat etmişdir. Lakin onun elmi ideyalarına söykənən tədqiqatlar vaxtilə rəhbərlik etdiyi və hazırda onun adını daşıyan “Təlimin neyrofiziologiyası” laboratoriyasında davam etdirilir. Bugün laboratoriyada işlənilən təlim və sinir proseslərinin plastik təminatında monoamnergik neyrotransmissiyanın iştirakı, emosional gərginliyin təlım proseslərində iştirakının neyrofizioloji aspektləri kimi tədqiqat mövzuları Hüseyn müəllimin hələ 90-cı illərin əvvəllərində gördüyü hədəflərdir. Heç də təsadüfi deyil ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanovun AMEA-nın Rəyasət Heyətinin  14 dekabr 2016-cı il tarixli iclasında etdiyi “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” elmi məruzəsində Azərbaycanda fiziologiya elminə layiqli töhfələr vermiş alimlər sırasında akademiklər Zərifə Əliyeva və Abdulla Qarayevlə yanaşı Hüseyn Həsənovun adını da xüsusi olaraq vurğulamışdır.

Akademik Hüseyn Həsənovun elmi nailiyyətləri və Respublikada fiziologiyanın inkişafına verdiyi töhfələr Azərbaycanın elm tarixində öz layiqli yerini tutur və onun xatirəsi daim hörmətlə yad edilir.

 

 

Akad.Abdulla Qarayev adına Fiziologiya institutunun baş direktoru,

biologiya elmləri doktoru, professor Ulduz Həşimova

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.