XƏBƏRLƏR Arxiv 892 Çap et
28.11.2022 / Konfranslar, iclaslar Professor Ulduz Həşimova beynəlxalq forumda iştirak edib

15-16 noyabr 2022-ci ildə Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsinin Tibb Mərkəzi və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə "Şipajay-2022" Beynəlxalq elmi-praktik forumu keçirilib.

Forum çərçivəsində digər məsələlərlə yanaşı, tibbi reabilitasiya və sanatoriya - kurort sektorunun inkişaf perspektivləri və bu inkişafın təmin edilməsində müasir elmi innovasiyaların roluna dair müzakirələr aparılıb.

Forumda Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, b.e.d., professor Ulduz Həşimova "Naftalan neftinin müalicəvi təsir mexanizmləri" mövzusunda plenar məruzə ilə çıxış edərək, Fiziologiya İnstitutunda Azərbaycanın unikal milli sərvəti olan Naftalan neftinin bioloji effektlərinin öyrənilməsi üzrə aparılan innovativ tədqiqatların nəticələrini təqdim edib. U.Həşimova qeyd edib ki, bu gün tibbi reabilitasiya və sanatoriya-kurort sektorunda geniş tətbiq olunan müalicə-profilaktika metodları, o cümlədən Naftalan neftinin kurort-reabilitasiya industriyasında istifadəsi, uzun illər boyu elmi laboratoriyalarda toplanan biliklərə əsaslanır. Professor çıxışında naftalan neftinin müalicəvi təsirinin müasir elmin açdığı imkanlardan istifadə etməklə daha dərindən öyrənilməsinin aktuallığı xüsusilə vurğulayıb.

Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.