XƏBƏRLƏR Arxiv 921 Çap et
30.11.2022 / Konfranslar, iclaslar İnstitutun gənc alimi Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında iştirak edib

23-24 noyabr 2022-ci il tarixlərində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisi Nurullayeva Afaq Nazim qızı Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında çıxış edib.

A.Nurullayeva “Dihidropirimidinazayabənzər – 2 zülalının γ-şüalanmaya qarşı radio-protektor kimi aktivliyinin öyrənilməsi” adlı məruzəsində qeyd edib ki, müasir dövrdə bir tərəfdən kosmos və kosmosa uçuşlarda yüksək dozada γ-şüalanma aşkar edilir, digər tərəfdən radioaktiv preparatların və rentgen şüalarından müalicəvi vasitə kimi onkoloji klinikalarda geniş tətbiqi yeni növ təhlükəsiz radio qoruyucuların işlənib hazırlanmasını tələb edir. Məhz buna görə də serotonergik sistemin aktivləşdirilməsi yolu ilə γ-şüalanmaya yüksək dayanıqlı orqanizmlərin tədqiqi müasir dövrün zəruri tələblərindən biridir.

Aparılan tədqiqatdan söz açan A.Nurullayeva onu da qeyd edib ki, serotonergik sistemin aktivliyinin artırılması, kimyəvi mənşəli mənfi amillərin zərərli və mutagen təsirlərindən heyvan toxumalarının əhəmiyyətli dərəcədə qorunmasına kömək edir.

 

Məruzə maraqla qarşılanıb və A.Nurullayeva sertifikata layiq görülüb.