XƏBƏRLƏR Arxiv 843 Çap et
18.01.2023 / Mühüm hadisələr 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

18 yanvar 2023-cü il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev açıb.

     Bir dəqiqəlik sükutla davam edən tədbiri Ə.Hacıyev “20 yanvar faciəsindən 33 il ötməsinə baxmayaraq, bu qış gününün uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, ölkənin bütövlüyü, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix kimi yaddaşlarda qalır” sözləri ilə davam etdirib. Qeyd edildi ki, qanlı 20 yanvar günü şanlı Qarabağ Qələbəsinə  gedən yolun başlanğıcı idi.  

     Sonra "Mühüt amilləri və analizatorların formalaşması" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev: “1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır minlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib” fikirləri ilə tədbirdə çıxış etdi.

“Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının müdiri, b.e.d., Fəxrəddin Əsgərov, "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Xanağa Babayev, "Uzunömürlülüyün fiziologiyası" laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov, "Mühüt amilləri və analizatorların formalaşması" laboratoriyasının” elmi işçisi Gülnar Cəfərova, institutun gənc əməkdaşlarından “Ekotoksikologiya” laboratoriyasının kiçik elmi işçisi Aytən Muradova və həmin laboratoriyanın böyük laborantı Sovet Hümbətov 20 Yanvar faciəsində baş verən qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyindən söz açıblar: “Biz bu yolda canlarını qurban vermiş şəhidlərimizi hüzn və qürurla anırıq. Onlar müasir Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verərək gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik nümunəsi oldular.”

“Şəhidlər xiyabanı bizə vətən övladlarımızın mənəvi dəyərlərini xatırladan ən gözəl əbədi abidəmizdir. Mən deyərdim ki, o qorxunc gecənin şahidi olmayanlar belə xiyabanı ziyarət edərkən o günün ağrı-acısını, məsuliyyətini dərk edirlər. Çünki bura sadəcə kütləvi məzarlıq deyil, bura bizim and yerimizdir. Azərbaycan xalqı üçün 20 yanvar tarixə qara hərflərlə yazılsa da bizim qürur mənbəyimizdir” – deyə “Mühit amilləri və analizatorların formalaşması” laboratoriyasının elmi işçisi Gülnar Cəfərova fikirləri ilə bölüşdü.

Sonda institutun baş direktoru prof. Ulduz Həşimova çıxış edərək bildirdi ki, nəsillər dəyişəcək, lakin vətənimizin qəhrəman övladlarının əziz xatirəsi daim yaşayacaqdır. Bizim də elm və təhsil sahəsinin nümayəndələri kimi onların xatirəsinə verəcəyimiz ən yüksə töhfə sağlam ruhlu, vətənpərvər, savadlı, yüksək peşəkarlığa malik nəslin yetişdirilməsi olmalıdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.