XƏBƏRLƏR Arxiv 849 Çap et
07.02.2023 / Görüşlər “Sabahın alimləri” ilə görüş keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Sabahın alimləri” XII Respublika Müsabiqəsində iştirak edəcək şagirdlərlə görüş keçirib.

Görüşdə institutun “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyasının müdiri, tibb elmləri doktoru Rəşad Şolan, həmin laboratoriyanın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Xatirə Səfixanova, “Ekotoksikologiya” laboratoriyasının baş elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Aliya Qaysina, institutun meneceri Könül İbrahimova və 132-134 nömrəli Təhsil Kompleksinin müəllim və şagirdləri iştirak ediblər.

Son vaxtlarda institut əməkdaşlarının rəhbərliyi ilə “Sabahın alimləri” Respublika Müsabiqəsində iştirak edən şagirdlərin uğurundan danışan professor U.Həşimova bildirib ki, 2017-2022-ci illərdə “Sabahın alimləri” Respublika müsabiqəsində biologiya elmləri doktoru  Xədicə İsmayilova, biologiya elmləri doktoru Arif Mehdiyev, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Şükürovanın rəhbərliyi altında hazırlıq keçmiş 132-134 saylı Təhsil kompleksinin və 200 nömrəli məktəbin şagirdləri Respublika üzrə I və III yer tutaraq qalib olublar.

Daha sonra çıxış edən Rəşad Şolan özünün rəhbərliyi altında “Sabahın alimləri” XII Respublika Müsabiqəsində iştirak hüququ qazanan şagirdlərin hazırlıq prosesi haqqında məlumat verib. Bildirib ki, müsabiqədə iştirak hüququ qazanan "Azərbaycan populyasiyasında xroniki böyrək xəstələrində böyrək köçürülməsinin effektivliyinin  və həyat keyfiyyətinə təsirinin araşdırılması" layihəsi üzrə 132-134 saylı Təhsil kompleksinin şagirdləri Babayev Ziya və Seyidov Mirzə kliniki-laborator parametrlərinin statistik təhlili əsasında materialların toplanması və yığımı istiqamətində işləri uğurla davam etdirirlər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.