XƏBƏRLƏR Arxiv 905 Çap et
25.02.2023 / Konfranslar, iclaslar Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirildi

Bu gün Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Xocalı soyqrımının 31-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərin insanlığa qarşı cinayət kimi qiymətləndirib. Professor tarixin müxtəlif dönəmlərində xalqımızın üzləşdiyi soyqırımlara, Xocalı faciəsinin 20-ci əsrdə dünya miqyasında baş vermiş faciələr arasında ən dəhşətlilərindən biri olduğuna diqqət yetirib.

Sonra institutun dəvəti ilə tədbirdə iştirak edən görkəmli tarixçi alim, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri,  professor Əsədulla Cəfərov Xocalı soyqırımı haqqında, bu faciəyə qədər ermənilərin xalqımıza qarşı məqsədyönlü etnik təmizləmə siyasətinin tarixi kökləri haqqında əsaslandırılmış, alimin çoxsaylı əsərlərində yer almış həqiqətləri auditoriyanın diqqətinə çatdırmışdır. Professor Ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin Xocalı soyqırımının dünya miqyasında tanıdılması yolunda apardıqları siyasi, diplomatik fəaliyyətin mühüm rolundan da bəhs etmişdir. Peofessor 2021-ci il martın 17-də ziyalılardan və jurnalistlərdən ibarət 80 nəfərlik böyük bir qrupun içində “Jurnalistlər Prezidentin izi ilə” layihəsi çərçivəsində Azıxı, Füzulini, Tuğu, Tağları, Qarakollunu və digər erməni işğalından azad olmuş torpaqlarımızı, abidələrimizi ziyarət etdiyini, gördüklərindən dəhşətə gəldiyini bildirib.

“Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyasının müdiri, professor Fəxrəddin Əsgərov,  “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyasının müdiri, 1-ci Qarabağ müharibəsinin veteranı, b.ü.f.d. Xanağa Babayev, aparıcı elmi işçi, b.ü.f.d. Raqif Abbasov çıxış edərək, Azərbaycan xalqının əsrlər boyu erməni millətçiliyinin təcavüzünə məruz qalması haqqında tarixi məlumatlarla, özlərinin fikirləri ilə bölüşdülər. Qeyd olundu ki, erməni vəhşiliyi barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etmək ziyalılarımız tərəfindən həyata keçiriləcək ən vacib məsələlərdəndir.

Sonda söz institutun gənclərindən Gənc alim və mütəxəssislər şurasının sədri Nərmin Bağırova və elmi işçi Afaq Nurullayevaya verildi.  Onlar öz çıxışlarında Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktının dünya ictimaiyyəti tərəfindən lazımı qiymətini alacağına inandıqlarını bildirdilər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini uca tutmağa, xalqımızın milli-mənəvi dəyərlərini qorumağa çağırdılar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.