XƏBƏRLƏR Arxiv 1113 Çap et
13.03.2023 / Konfranslar, iclaslar Akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı “Zərifə Əliyeva – Gəncliyə örnək alim” adlı tədbir keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı “Zərifə Əliyeva – Gəncliyə örnək alim” (Görmənin fiziologiyası və patologiyasına həsr olunmuş seminar) adlı tədbir keçirilib.

İclası giriş sözü ilə İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova açıb. Akademikin həyat və yaradıcılığına nəzər salan U.Həşimova bildirib ki, Zərifə xanım dünya təcrübəsində birincilər sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicə üsullarına dair unikal tədqiqatların müəllifidir.

Sonra görkəmli oftalmoloq-alimin tədqiqatlarının davamı olaraq institutun laboratoriyalarında, o cümlədən “Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası”, “İnteqrativ fəaliyyətin molekulyar əsasları”, “Bioloji fəal maddələrin farmakologiyası” laboratoriyalarında görmənin fiziologiyası və patologiyası sahələrində aparılan tədqiqatlar haqqında elmi çıxışlar dinlənilib.

Sonda Akademik Zərifə Əliyeva haqqında xatirələr səsləndirildi. Bildirildi ki, Zərifə xanımın elmi ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır və alimin yaratdığı məktəb sağlam cəmiyyət naminə öz fəaliyyətini davam etdirir.

Tədbirdə institutun əməkdaşları ilə yanaşı doktorantlar, magistrantlar və Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin tələbələri iştirak edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.