Vətən müharibəsi döyüşləri zamanı şəhid olan hərbiçilərin ailələri, eləcə də yaralanan qazilər institut rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Bu diqqət və qayğının nəticəsi olaraq da torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş, yaralanmış əsgər və zabitlərimizin ailələri mütəmadi olaraq ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanır, onlara müvafiq yardımlar edilir.
Keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün də Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, institutun meneceri Könül İbrahimova vətən müharibəsi qazisi Hacızadə Rüfət Nüsrət oğlu ilə görüşüb.
Görüşdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb.
Sonda arzu və təkliflər dinlənilib, istəklərə uyğun olaraq müvafiq tədbirlər görülməsi haqqında fikirlər səslənib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərən R.Hacızadə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xidmətdə fərqlənməyə görə”, “Ordunun yüz illiyi” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı və “Vətənpərvərlik işlərində fərqlənməyə görə” medalları ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.