XƏBƏRLƏR Arxiv 647 Çap et
25.04.2023 / Konfranslar, iclaslar Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib

Aprelin 25-da AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə akademik Zərifə Əliyevanın ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra görkəmli alim Zərifə Əliyevanın fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının 3 noyabr 2022-ci il tarixli Sərəncamı ilə respublika səviyyəsində görkəmli oftalmoloq-alimin fəaliyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun tibb elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb, alimin xatirəsinin qəlblərdə əbədi olaraq yaşayacağını bildirib.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxış edərək zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə xanım Əliyevanın Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb. Bildirib ki, oftalmologiya sahəsində elmi məktəb yaratmış görkəmli alimin birbaşa rəhbərliyi ilə gənc mütəxəssislər və həkim-oftalmoloqlar nəsli yetişib. O, bu nəslin sonuncu nümayəndələrinin bugünkü konfransda iştirak etdiyini vurğulayıb.

Akademik İradə Hüseynova dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını bildirib, AMEA-da bu istiqamətdə görülmüş işlərdən, keçirilmiş silsilə tədbirlərdən bəhs edib.

O, bugünkü elmi konfransın dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elmlərinin görkəmli nümayəndəsi, akademik Cəlal Əliyevin vaxtilə rəhbərlik etdiyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilməsinin böyük əhəmiyyəti olduğuna diqqət çəkib.

Akademik İradə Hüseynova görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xanımı olmaq məsuliyyətini həmişə şərəflə daşıyan Zərifə xanım Əliyevanın Azərbaycan xalqı üçün layiqli dövlət başçısı yetişdirdiyini vurğulayıb.  

Vitse-prezident cəmi 62 il ömür sürmüş Zərifə xanımın qısa ömrünə fundamental tədqiqatlar, əhəmiyyətli elmi nəticələr sığdırdığını qeyd edib, alimin çoxşaxəli elmi və tibbi fəaliyyətinin təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, akademik Zərifə Əliyeva tərəfindən aparılan, effektivliyi əsaslı tədqiqatlarla həm nəzəri, həm də praktiki şəkildə sübut olunmuş müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynayıb. Görkəmli alimin bu istiqamətdə elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı olub və bütövlükdə oftalmologiya elmi qarşısında əvəzsiz xidmət hesab olunub.

Akademik İradə Hüseynova 1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutunda məhz Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə olduqca əhəmiyyətli tədqiqatların aparıldığını da diqqətə çatdırıb. Bildirib ki, alimin apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri dünya elmi ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilmiş, Zərifə xanım çoxsaylı mükafatlara layiq görülmüşdür.

Sonra millət vəkili, biologiya elmləri doktoru Kamilə Əliyeva çıxış edərək geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə rəğbət qazanmış Zərifə Əliyevanın mənalı ömür yolunun hər bir azərbaycanlı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib, onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.

“Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, qeyri-adi şəxsiyyət, sədaqətli həyat yoldaşı və övladlarına gözəl tərbiyə verən əvəzolunmaz ana olub”, - deyə bildirən Kamilə Əliyeva onun qeyri-adi ana olduğunu, övladlarına münasibətinin də başqalarından seçildiyini qeyd edib. Vurğulayıb ki, Zərifə xanım tibb elminin müasir problemlərinə həsr olunmuş çox sayda tədqiqat işlərinin, sanballı əsərlərin, dərslik və dərs vəsaitlərinin, ixtiraların müəllifidir. Görkəmli alim Azərbaycan elmini yüksəklərə qaldıraraq dünya səviyyəsində tanınmasında misilsiz xidmətlər göstərib.

Tədbirdə Azərbaycan Tibb Universitetinin professou Tamfira Əliyeva, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri doktoru Rasim Hacıyev görkəmli alimlə bağlı xoş xatirələrini bölüşüblər.

Həmçinin elmi konfransda A.İ.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA-nın müxbir üzvü Novruz Quliyev və digərləri çıxış edərək Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini bildiriblər. Çıxış edənlər tanınmış oftalmoloq-alimin apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və fundamental əsərlərinin ölkəmizdə təkcə oftalmologiya sahəsinin deyil, ümumiyyətlə tibb elminin parlaq səhifələrini təşkil etdiyini qeyd ediblər.  

Daha sonra Akademik Zərifə Əliyeva adına liseyin şagirdinin ifasında görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevaya həsr olunmuş şeir səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.