Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə İnstitutun rektoru, professor N.A.Qasımov açıb. Görkəmli alimin həyat və yaradıcılığına nəzər salan professor Nazim Qasımov onu da qeyd edib ki, Ə.Əliyev adına ADHTİ-nun professor-müəllim heyəti minnətdarlıq hissi ilə Z.Ə.Əliyevanı yad edir, onun xatirəsi qarşısında baş əyir. O, öz yaradıcılıq enerjisi ilə instituta hərarət vermiş və sonrakı inkişafını müəyyən etmişdir.
Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini professor İlqar Qasımov çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır.
Azərbaycan Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji nailiyyətlərindən danışıb və Azərbaycanda son zamanlar səhiyyənin inkişafında baş verən müsbət dinamika haqqında məlumat verib, konfransın işinə müvəffəqiyyətlər arzulayıb.
Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Fasilədən sonra konfrans öz işini iki gün ərzində 3 plenar iclasda Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 35 sayda çıxışlar ilə davam etdirib, tibb elminin aktual məsələləri haqqında məruzələr dinlənilib.
Konfransda Akademik Abdulla Qarayev adına Fiziologiya institutunun "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyasının elmi işçisi Maya Sultanlı məruzəsi ilə çıxış edib. M.Sultanlının çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında çoxsaylı diskussiyalar aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.