19 may 2023-cü il tarixində “Azerbaijan Fish Farm” və “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Neftçala rayonu Yenikənd Nərə Damazlıq Təsərrüfatında Beynəlxalq Biomüxtəliflik Günü və Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Lu-Mun Holding”in İdarə Heyətinin sədri Rüfət Tabasaranskiy, QHT-lər, yerli balıqyetişdirmə müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunu “Ekotoksikologiya” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov və "İctimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Ülviyyə İsrafilova təmsil edib.
Toplantıda R.Tabasaranskiy və M.Seyidov çıxış edərək ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hər zaman ekoloji durumun yaxşılaşdırılmasına, biomüxtəlifliyin qorunmasına xüsusi önəm verdiyini bildiriblər. Bununla bağlı bir sıra sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğu bir daha təsdiqləyiblər.
Qeyd edilib ki, nərəcinsli balıqların müasir dövrdəki kritik vəziyyətini nəzərə alaraq, “Azerbaijan Fish Farm” şirkətinin bu növ balıqların Xəzər dənizinə buraxması təşəbbüsü onların ehtiyatının bərpasına və çoxalmasına, habelə biomüxtəlifliyin qorunub saxlanmasına xidmət edir.
Tədbirin ən önəmli məqamı nərəcinsli balıqların Xəzər dənizinə buraxılması prosesi olub. Hər bir iştirakçının bir nərə balığı buraxması ilə ümumilikdə 2000 nərə balığı təbii mühitə köçürülüb ki, bu da bu sahədə kollektiv səy və fədakarlığı simvolizə edir. Bu əlamətdar hadisə təşkilatçılar tərəfindən il ərzində ümumilikdə 50 000 nərəcinsli balıqların buraxılması üçün zəmin yaradır.
Tədbir müstəsna biomüxtəlifliyi ilə tanınan Xəzər dənizində ekoloji tarazlığının və təbii ehtiyatlarının qorunması üçün birgə fəaliyyət və məsuliyyətin önəmini nümayiş etdirib.