XƏBƏRLƏR Arxiv 1023 Çap et
20.06.2023 / Mühüm hadisələr Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

 20 iyun 2023-cü il tarixində Azərbaycan Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Səudiyyə Ərəbistanının Orqan Transplantasiyası Mərkəzi (SCOT) arasında, Səudiyyə-Azərbaycan komitəsinin altıncı yığıncağında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında saziş çərçivəsində, ZOOM platformasında məsul şəxslərinin ikitərəfli onlayn konfransı keçirilmişdir. Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova transplantologiyanın əsas problemlərinin, xüsusən də immun tolerantlığın həllində elmi yanaşmanın tətbiqinin zəruriliyindən danışaraq, prioritet istiqamətlər üzrə gələcək əməkdaşlığın əsas strategiyaları barədə iştirakçıları məlumatlandırmışdır. “İmmunofiziologiya və eksperimental fiziologiya” laboratoriyasının müdiri, t.e.d. Rəşad Şolan eksperimental transplantologiya sahəsində gördüyü işlərlə bağlı təqdimatla çıxış etmişdir. İclasda Fiziologiya İnstitutunun baş elmi işçisi t.ü.f.d. Aliya Qaysina transplantantın imtinasının qarşısını almaq üçün proqnozlaşdırıcı modellərin işlənib hazırlanmasının vacibliyini qeyd etmiş, həmçinin transplantologiya problemlərinin həlli üçün zəruri olan elmi üsullardan danışmışdır. Səudiyyə Ərəbistanı Orqan Transplantologiya Mərkəzinin klinik xidmətlər üzrə icraçı direktoru, tibb elmləri doktoru, nefroloq Beşer Əl-Attar rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı Orqan Transplantologiya Mərkəzinin işi barədə dinləyicilərə məlumat vermiş və eksperimental modellərdə innovativ üsullarla immunotolerantlıq üzrə birgə tədqiqatların aparılmasının marağında olduğunu bildirmişdir. Konfransın yekun nəticəsi kimi transplantologiya sahəsində birgə tədqiqatların aparılması üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınmışdır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.