XƏBƏRLƏR Arxiv 989 Çap et
30.10.2023 / Mühüm hadisələr "Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Bu gün Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi olub.

Mərasim AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edən tədbir iştirakçıları Ümummilli Liderin və görkəmli oftalmoloq-alimin məzarları önünə əklil və gül dəstələri qoyub, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir Mərkəzi Elmi Kitabxanada Ulu Öndərə və akademik Zərifə Əliyevaya həsr edilmiş sərgiyə baxışla davam edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq tədbirin elmi əhəmiyyətini vurğulayıb, konfransda Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin, tanınmış fizioloqların iştirak etdiyini diqqətə çatdırıb.

Akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan AMEA rəhbəri alimin elmi məktəb yaratdığını, elmi kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü söyləyib. O, Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu deyərək alimin Ulu Öndərin apardığı böyük dövlətçilik fəaliyyətinə daim dəstək verdiyini qeyd edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxış edərək Ulu Öndərin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş konfransın miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olacağına əminliyini bildirib.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elm, təhsil, tibb və digər sahələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, oftalmologiya və fiziologiyanın inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası iqtisad fakültəsinin dekanı Mehmet Yüce, Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının müdiri Yuri Şelepin, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova, Azərbaycan Tibb Universitetinin kafedra müdiri professor Paşa Qəlbinur, Gürcüstanın İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin laboratoriya müdiri Merab Tsaqareli, Özbəkistan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Asiya Tibb Universitetinin tədris işləri və beynəlxalq əlaqələr üzrə prorektoru Murodjon Botirov və başqaları çıxış edərək akademik Zərifə Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan elminin inkişafındakı müstəsna rolundan danışıb, beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.

Konfrans işini plenar və bölmə iclasları ilə oktyabrın 31-də davam etdirəcək.