XƏBƏRLƏR Arxiv 833 Çap et
20.01.2024 / Mühüm hadisələr Fiziologiya İnstitutunun Həmkarlar Təşkilatının üzvləri və Gənc Alimlərin birgə təşkilatçılığı ilə institutun əməkdaşları 20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı Şəhidlər Xiyabanına ziyarət ediblər.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Həmkarlar Təşkilatının üzvləri və Gənc Alimlərin birgə təşkilatçılığı ilə institutun əməkdaşları 20 Yanvar - Ümumxalq hüzn günü ilə bağlı Şəhidlər Xiyabanına ziyarət ediblər.

20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.

1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Şəhidlər xiyabanına ziyarət edərək şəhidlərimizi sükutla yad edib, dərin ehtiram əlaməti olaraq, güllərə qərq etdilər. Əməkdaşlarımızın duyğulu anlarını əbədiləşdirmək üçün fotoşəkillər çəkildi.