XƏBƏRLƏR Arxiv 2183 Çap et
22.04.2024 / Konfranslar, iclaslar Elmi şuranın növbəti iclası keçirilib

     Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib. İclasda institutda təhsil alan fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların növbəti tədris ili üçün attestasiyası Elmi şura üzvləri tərəfindən geniş müzakirə  olunub və qərar qəbul edilib.

     İclasda həmçinin Elmi Şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Elmi Şuranın üzvü b.ü.f.d., dosent Afaq Məmməd qızı Rəşidovanın işdən çıxması ilə əlaqədər  olaraq Elmi Şuranın tərkibindən çıxarılması və “Ontogenezin biokimyası “ laboratoriyasının müdiri vəzifəsinin icrası həvalə olunan b.ü.f.d., dosent Leyla Bağdad qızı Qədirovanın şuranın tərkibinə daxil edilməsi Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb. Bu istiqamətdə geniş müzakirələr aparılaraq Şuranın tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

     Cari məsələlər müzakirəyə çıxarılmış və onların müvafiq həllinə institut rəhbərliyi tərəfindən göstərişlər verilmişdir.

     Daha sonra b.e.d., dosent Xədicə Yusif qızı İsmayılovanın 80 illik və t.e.d., professor Əli Rəhim oğlu Allahverdiyevin 75 illik yubileyləri qeyd edilib.

     Yubilyarları təbrik edən rəhbərlik onların institutun elmi həyatında səmərəli fəaliyyəti barədə məlumat verib.

     Eyni zamanda institutun əməkdaşları yubilyar alimlərin yaradıcılıqlarından, onların insani dəyərlərindən söz açıblar. Qeyd edilib ki, alimlər  işlədikləri müddət ərzində öz işlərinə böyük sevgi və rəğbətlə yanaşmış, əməkdaşların dərin hörmətini qazanmışlar. Onların fiziologiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışan əməkdaşlar yubilyarları təbrik ediblər.