XƏBƏRLƏR Arxiv 431 Çap et
13.06.2024 / Konfranslar, iclaslar “Daha sağlam və dayanıqlı gələcək naminə: Tullantıların səmərəli idarə edilməsi” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin Səhiyyə komitəsi, Şirvan Şəhər İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Daha sağlam və dayanıqlı gələcək naminə: Tullantıların səmərəli idarə edilməsi” mövzusunda konfrans keçirilib.

İyunun 13-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Millət vəkili İltizam Yusifov, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru b.e.d., professor Ulduz Həşimovanın iştirakı ilə tədbir keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbir Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun nitqi ilə açılıb. Daha sonra Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova geniş məruzə ilə çıxış edərək, tullantıların düzgün utilizasiyası barədə maariflənməyin zəruriyyətini qeyd edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək, bildirib ki, bu sahədə problemlərin aradan qaldırılması və zəruri tədbirlərin həyata keçirilməsi və fəaliyyətin təkmilləşdirilməsi məqsədilə görüşlər keçirilir və müzakirələr aparılır.

Daha sonra Millət vəkili İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Təmiz Şəhər ASC-nin sektor müdiri Səyyaf Rüstəmli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin sektor müdiri Varis Qasımlı, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov çıxış edib. Bu sahədə işlər daha da gücləndirilməli və aidiyyəti qurumlarla birlikdə tullantıların daha səmərəli idarəsinə nail olunmalıdır deyə vurğulanıb.

Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsini təqdim edib.